Bakı. Real Cəfərli - APA. “Bu gün özlərini böyük sayan dövlətlər tərəfindən İran xalqına qarşı nüvə, insan haqları və digər məsələlərin davamlı gündəmə gətirilməsi bəhanədən başqa bir şey deyil”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Əli Xamneyi bildirib.
Onun sözlərinə görə, həmin qüvvələr İran xalqının və islami quruluşun ABŞ və Qərb dövlətləri olmadan yalnız öz daxili gücünə arxalanaraq əldə etdiyi inkişaf çox narahat və əsəbidirlər: “Biz onlara cavab olaraq şəhid Behiştinin məşhur sözünü təkrar edək “bu əsəbinizlə ölün!” deyirik. İran xalqı İslam inqilabının zəfərə çatması səbəbi ilə 35 ildir özlərini dünyanın ağası hesab edən dövlətlərə qarşı müqavimət göstərir. Ona görə də imperialist dövlətlər, xüsusilə də Amerika qızğın və əsəbidir. Əslində onlar nüvə, insan haqları və digər məsələlərin davamlı gündəmə gətirilməsi kimi bəhanələr və təzyiqlərlə İran xalqını öz zorbalıqları qarşısında müqavimət göstərməkdən imtina etdirmək istəyirlər. Ancaq belə bir şey əsla reallığa çevrilməyəcək”.
Ayətullah Xamneyi deyib ki, İran xalqı öz qabiliyyətini müxtəlif sahələrdə sübut edib: “İran xalqı Amerikasız da elmi, ictimai, beynəlxalq fəaliyyət və siyasi qürur təmin ediləcəyini sübuta yetirib. İran xalqı doğru bir yol seçib və bu yolda irəliləməyə davam edəcək”.
Ali dini lider həmin qüvvələr tərəfindən “dünya ictimaiyyəti” anlayışının istifadə olunmasını da tənqid edib: “Bizlər düşmənlərin istifadə etdiyi bu ifadəni işlətməməliyik. Çünki onların dünya ictimaiyyəti olmadıqları bir gerçəkdir və yalnız sionistlərə bağlı kampaniyanın nüfuz dairəsi altında olan bir neçə özünü böyük sayan zülmkar, istismarçı dövlətdən ibarətdir. Bu gün dövlətlər və xalqlar məzlumdur və həmin güclərin təzyiqi nəticəsində onlara qarşı çıxmaq cəsarətini göstərə bilmirlər. Ancaq lazımi şərait yetişəndə, öz sözlərini deyəcəklər”.