Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli 3 iyulda Təşkilatın Cenevrədə yerləşən mənzil-qərargahında Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri cənab Mohieldin Səlim Əhməd İbrahim ilə görüşüb.
Bu barədə APA-ya Beynəlxalq Mülki Müdafiə Təşkilatından məlumat verilib.
Görüş zamanı Sudan Respublikasında davam edən humanitar vəziyyət, bu vəziyyətin mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsinə təsirləri, eləcə də BMMT-nin fəaliyyət istiqamətləri çərçivəsində ölkəyə göstərilə biləcək dəstək və əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Xüsusilə humanitar yardımın koordinasiyası, potensialın gücləndirilməsi, təlim proqramlarının təşkili, erkən xəbərdarlıq sistemlərinin inkişafı və mülki müdafiə sahəsində institusional imkanların möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin, BMMT-nin cari fəaliyyət istiqamətləri, təşkilatda həyata keçirilən institusional islahatlar, fəaliyyət effektivliyinin və səmərəliliyin artırılması istiqamətində görülən işlər, eləcə də, təşkilatın qarşıdan gələn rəsmi iclaslarına hazırlıq prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Baş katib görüş zamanı xatırladıb ki, cari əməkdaşlıq çərçivəsində 9 dekabr 2025-ci il tarixində Sudan Respublikasının daxili işlər naziri Babeker Samra Mustafa Əli ilə də görüş keçirilib və həmin görüşdə Sudanın humanitar ehtiyacları, eləcə də BMMT tərəfindən göstərilə biləcək dəstək istiqamətləri ətraflı müzakirə edilib. Bu baxımdan, bugünkü görüş əməkdaşlığın ardıcıl davamı kimi qiymətləndirilib.
Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri öz növbəsində BMMT-nin humanitar sahədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirərək, təşkilatla əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşün sonunda tərəflər Sudan Respublikasında humanitar vəziyyətin yaxşılaşdırılmasına, mülki müdafiə potensialının gücləndirilməsinə və BMMT ilə Sudan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə səylərin davam etdirilməsi barədə razılıqlarını ifadə ediblər.