Bakı. Real Cəfərli - APA. Azərbaycanlı siyasi məhbus bir aydan çoxdur İran həbsxanasında aclıq aksiyası keçirir.
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Yürüş Mehrəlibəyli (Ayət) 32 gün əvvəl, yəni aprelin 15-dən İran təhlükəsizlik orqanlarının ailələrinə və digər siyasi məhbusların ailə üzvlərinə göstərdiyi təzyiq və təhdidə etiraz olaraq belə bir addım atıb.
Azərbaycanlı siyasi məhbusun səhhətinin son günlərdə kəskin şəkildə pisləşdiyi bildirilir. Y.Mehrəlibəyli kəskin mədə ağrısından və yuxusuzluqdan əziyyət çəkdiyi, xeyli arıqladığı qeyd olunur. Bu səbəbdən ailəsinin onun həyatının təhlükə altında olmasından narahat olduğu vurğulanır.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) Y.Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində həbs edib. O, Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvüdür. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Y.Mehrəlibəyli hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.