APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, dəqiqləşdirilmiş məlumata görə, Bağdadın Mədinət Sədr rayonunda yas mərasimi zamanı törədilmiş 3 partlayış nəticəsində ölənlərin sayı 65-ə çatıb, 120-dək insan isə yaralanıb.
Polisin məlumatına görə, əvvəlcə içərisində onlarla insanın olduğu yas çadırının yaxınlığında avtomobil partladılıb, bundan sonra ikinci avtomobil terrorçu-kamikadze tərəfindən partladılıb. Hadisə yerinə polis, yanğınsöndürənlər, xilasedicilər və “təcili yardım” gəldikdən sonra üçüncü partlayıcı qurğu işə salınıb.
Yaxınlıqdakı avtomobillərə və tikililərə ciddi ziyan dəyib, yaralıların bir çoxunun vəziyyəti kritikdir, həkimlər ölənlərin sayının artırılacağını istisna etməyib.
Bundan başqa, Bağdadın Ur məhəlləsində də avtomobil partladılıb, nəticədə 8 iraqlı ölüb, 12 nəfər isə yaralanıb.
Bundan başqa paytaxtdan 200 km aralıda yerləşən Bayci şəhərində 4 terrorçu kamikadze polis xüsusi təyinatlıların bazasına soxularaq üzərilərindəki partlayıcı qurğuları işə salıb. Partlayış nəticəsində 7 nəfər ölüb, daha 20 polis yaralanıb.