Bakı. Şamil Əlibəyli – APA. Avqustun 15-də 1000-dən çox Suriya vətəndaşı İraq ərazisinə keçib. APA-nın xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlarla iş üzrə ali komissarının ofisi məlumat yayıb.
Gündüz saatlarında Suriya-İraq sərhədində, Dəclə çayının üzərindəki Peşkxabur körpüsündən 750 suriyalı keçib. Axşam saatlarında isə Suriyadan 1000 nəfərə yaxın qrup İraq ərazisinə daxil olub. Qaçqınlar əsasən Hələb, Efrin, Haseke və Qamışlı şəhərlərindən olan uşaqlar, qadınlar və qocalardır. BMT-nin Qaçqınlarla iş üzrə ali komissarının mətbuat katibi Adrian Edvards bildirib ki, qaçqın axını bu gün səhər də davam edib. Onun sözlərinə görə, qaçqınlar bir neçə gün ərzində sərhədin yaxınlığında yerləşən çadır şəhərciyində qalırdılar, lakin dünən sərhədi keçməyə qərar alıblar.
Qeyd edək ki, 2 milyondan çox suriyalı ölkədə davam edən münaqişə səbəbindən qonşu ölkələrə qaçmaq məcburiyyətində qalıb.