Bakı. Könül Cəfərli – APA. “Biz və NATO Türkiyə-Suriya sərhədinə yerləşdiriləcək “Patriot” raketlərinin müdafiə məqsədli olduğunu dəfələrlə bəyan etmişik”. APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Onun sözlərinə görə, Türkiyə öz ərazisini qorumaq üçün nə cür tədbir alınması lazımdırsa, bunu özünün və üzvü olduğu alyansın imkanlarından faydalanmaqla etmək haqqına sahibdir: “Bu məsələ müzakirə mövzusu ola bilməz. Bizim İrandan gözləntimiz “Patriot” raketləri ilə bağlı açıqlamalar vermək deyil. Rəsmi Tehrandan istəyimiz Bəşər Əsəd rejiminə çox açıq və dəqiq mesaj verərək Suriyadakı zülmün durdurulmasının təmin olunması üçün öz təsir gücündən istifadə etməsidir. İran heç bir təhrikedici xüsusiyyət daşımayan “Patriot” raketlərinin Türkiyə-Suriya sərhədinə yerləşdirilməsini tənqid etməməlidir. Əksinə davamlı öz xalqına zülm edən, hərbi-hava qüvvələrinin gücündən faydalanaraq soyqırım siyasəti həyata keçirən və dəfələrlə Türkiyənin sərhədlərini pozaraq təhrikedici addımlar atan Suriyadakı Bəşər Əsəd rejiminə “dayan” deməlidir. İranın artıq Əsəd rejiminə bu mesajları verməsinin vaxtı çatıb. Çünki bu gün bölgədə sülh, sabitlik və təhlükəsizliyi təhdid edən ünsür yalnız Əsəd rejiminin həyata keçirdiyi təcavüzkar siyasətdir”.