Bakı. Real Cəfərli - APA. “İranın nüvə silahına ehtiyacı yoxdur”. APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib.
Onun sözlərinə görə, ölkəsinə belə bir silaha sahib olmaqda heç bir məna görmür. M.Əhmədinejad deyib ki, İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin dövründə ölkəsi yalnız bərabər hüquqlar tanınacağı təqdirdə ABŞ-la dialoq aparacaq: “İndiyədək İranla ABŞ-ın müzakirə masası arxasına oturmağa hazır olduğu məqamlar olub. Ancaq ABŞ-ın dialoq üçün istəksiz olması ilə qarşılaşdıq. İranın nüvə proqramının ən fundamental həll yolu dialoqdur”.
İran prezidenti vurğulayıb ki, İranla Rusiya arasındakı “C-300” raket-zenit komplekslərinin satışı ilə bağlı yaranmış anlaşılmazlıqla bağlı danışıqlar davam etdirilir: “Bu məsələnin ən yaxşı şəkildə həll ediləcəyinə inanıram. İranla Rusiya əlaqələrinin gələcəyini çox yaxşı görürəm və heç bir şey bu münasibətlərin inkişafına mane ola bilməyəcək”.
M.Əhmədinejad Suriyadakı böhrana da toxunub: “Suriya xalqının haqlarına hörmət edilməsi lazımdır. Azadlıq və ədalət bütün xalqların haqqıdır”.