Bir əsr əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq dil, tarix və mədəni irsinin elmi müstəvidə sistemli şəkildə müzakirə olunduğu ilk beynəlxalq platformalardan biri idi. Bu gün həmin qurultayın 100 illiyinin Azərbaycanda dövlət səviyyəsində qeyd olunması tarixi hadisənin xatırlanması ilə yanaşı, Türk dünyasında humanitar əməkdaşlığın və inteqrasiya proseslərinin müasir mərhələsinə verilən önəmin göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq iyunun 29-da Bakıda "Türk Dünyası Həftəsi"nə start verilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Bakı Dövlət Universiteti və digər qurumların tərəfdaşlığı ilə təşkil olunur. İyulun 3-dək davam edəcək proqramda 20 ölkədən 80-dən çox türkoloq-alim və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasına yol göstərir
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi təşəbbüsü ötən ilin oktyabrında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü zamanı irəli sürülüb və onun reallaşması xüsusi əhəmiyyət daşıyır.

"Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur", - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, yubiley tədbirlərinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsi də xüsusi rəmzi məna daşıyır və bu, ölkənin Türk dünyasında humanitar əməkdaşlığın inkişafına verdiyi töhfələrin davamı kimi qiymətləndirilə bilər.
Dövlət başçısı müraciətində Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinə geniş toxunaraq qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən forum türk xalqlarının ortaq mədəni inteqrasiyasının formalaşmasında mühüm rol oynayıb: "Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır".
Prezident İlham Əliyev bildirib ki, həmin qurultayda türk xalqlarının ortaq mənəvi dəyərləri ilə bağlı strateji məsələlər müzakirə olunurdu.
"Türk dünyasının ortaq mənəvi dəyərlərinin - dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi", - İlham Əliyev müraciətində qeyd edib.
Prezident bunun səbəblərini də izah edərək Azərbaycanın XIX əsrdən etibarən keçdiyi inkişaf yoluna diqqət çəkib: "Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı".
Dövlət başçısı müraciətində Birinci Türkoloji Qurultayın iştirakçılarının sonrakı taleyinə də toxunub. Prezident qeyd edib ki, sovet totalitar rejimi qurultayın qəbul etdiyi qərarların həyata keçirilməsinə mane olub, onun iştirakçılarının əksəriyyəti isə repressiyalara məruz qalıb.
"Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular. Onların xatirəsini bu gün də ehtiramla yad edirik", – Prezident bildirib.
Bununla yanaşı, dövlət başçısı müraciətində vurğulayıb ki, həmin ideyalar bütün çətinliklərə baxmayaraq, öz aktuallığını qoruyub saxlayıb və müstəqillik dövründə yenidən inkişaf etməyə başlayıb: "Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır".
Prezident hesab edir ki, bu gün Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi humanitar layihələr də məhz həmin ideyaların davamıdır.
"Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır", – dövlət başçısı vurğulayıb.
Müraciətin sonunda Prezident İlham Əliyev Türk dünyasının gələcək inkişaf perspektivlərinə də toxunub: "Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”.
İlham Əliyev əmin olduğunu ifadə edib ki, "Türk Dünyası Həftəsi" keçiriləcək elmi və mədəni tədbirlərlə ortaq tarixi-mənəvi irsin öyrənilməsinə və təbliğinə mühüm töhfə verəcək.
"İnanıram ki, Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək", – Prezident vurğulayıb.
Dövlət başçısının müraciətində səslənən fikirlər göstərir ki, Azərbaycan Birinci Türkoloji Qurultayın irsini yalnız tarixi hadisə kimi deyil, Türk dünyasında ortaq humanitar məkanın formalaşdırılması, elmi əməkdaşlığın genişləndirilməsi və inteqrasiya proseslərinin inkişafı baxımından aktual strateji platforma kimi qiymətləndirir.
Birinci Türkoloji Qurultayın irsi müasir inteqrasiyanın ideya bazasıdır
"Türk Dünyası Həftəsi"nin açılış mərasimində Türkiyə, Qazaxıstan və Qırğızıstan, Özbəkistan prezidentlərinin də tədbir iştirakçılarına müraciətlər ünvanlaması forumun beynəlxalq əhəmiyyətini daha da ön plana çıxarır. Müraciətlərdə Birinci Türkoloji Qurultay yalnız tarixi hadisə kimi deyil, Türk dünyasında siyasi, humanitar və mədəni əməkdaşlığın formalaşmasına təsir göstərən mühüm platforma kimi qiymətləndirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müraciətində bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq tarix və mədəniyyət şüurunun möhkəmləndirilməsi istiqamətində dönüş nöqtəsi olub.

"Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ziyalılarımız Bakıda ortaq tarix və mədəniyyət şüurunun müsbət elmlər əsasında gücləndirilməsi məqsədini qarşıya qoydular. Onların apardıqları müzakirələr və qəbul etdikləri qərarlar yalnız bu günümüzə işıq salan elmi fəaliyyət deyil, eyni zamanda qətiyyətli iradə və uzaqgörən baxış ortaya qoydu", – Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan vurğulayıb ki, həmin qurultayın irsi bu gün də Türk dövlətlərinin əməkdaşlıq siyasətinin ideya mənbələrindən biri olaraq qalır: "Bakı Qurultayının bizə miras qoyduğu bu ideyanı könül coğrafiyamızın hər bir guşəsində yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək hamımızın ortaq məsuliyyətidir”.
Türkiyə Prezidenti diqqəti Türk Dövlətləri Təşkilatının fəaliyyətinə də yönəldərək qeyd edib ki, təşkilat çərçivəsində inteqrasiya prosesi İsmayıl Qaspıralının məşhur "Dildə, fikirdə, işdə birlik" prinsipinə əsaslanır.
"Türk dünyasındakı institusional əməkdaşlığımızın əsaslarından biri olan Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətlərimizi böyük mütəfəkkir İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarından ilham alaraq hər keçən gün daha da dərinləşdirir və genişləndiririk. Bütün bu prosesdə Bakı Qurultayının ortaya qoyduğu təşəbbüsü yolumuzu işıqlandıran bir rəhbər kimi qəbul etməyə davam edirik", - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti, həmçinin, Ankara şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünə toxunaraq bildirib ki, Bakıda keçirilən müzakirələr həmin sammitin gündəliyinə də töhfə verəcək: "Şübhəsiz ki, bu əlamətdar tədbirdə aparılacaq müzakirələr ortaq əməkdaşlıq imkanlarımızı genişləndirərək Ankara Zirvəsinə və bütövlükdə Türk dünyasının gələcəyinə mühüm töhfələr verəcək".
Ərdoğan vurğulayıb ki, yüz il əvvəl olduğu kimi, yubiley tədbirlərinin də Bakıda keçirilməsi təsadüfi deyil.
"1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsi kimi, bu mühüm tədbirin də Bakıda təşkil olunması təsadüf deyil. Türk dünyasının birlik və həmrəyliyinin ən güclü simvollarından biri olan Azərbaycan bu gün də Türk dövlətlərinin ortaq məqsədlərinə töhfə verməyə davam edəcək", - müraciətdə qeyd olunub.
Azərbaycan qardaş xalqları birləşdirən əsas qüvvələrdən biridir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də müraciətində Azərbaycanın Türk dünyasında artan rolunu xüsusi vurğulayıb.

"Azərbaycan Türk dünyasında söz sahibidir", – deyə Qazaxıstan Prezidenti bildirib.
Tokayev qeyd edib ki, Azərbaycan qardaş xalqlar arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verir.
"Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir. Buna görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm", – Qazaxıstan Prezidenti vurğulayıb.
O, Türk dövlətlərinin ortaq tarixi və mədəni irsinin qorunması istiqamətində yeni layihələrin həyata keçirildiyini də diqqətə çatdırıb.
"Bu günlərdə qardaş dövlətlərin rəhbərləri ilə birlikdə həmin unikal mərkəzin təməlqoyma mərasimində iştirak etdik. İnanıram ki, bu təşəbbüs qardaş xalqların tarixi və mədəni irsinin qorunması və möhkəmləndirilməsinə yeni təkan verəcək", – Tokayev bildirib.
Birinci Türkoloji Qurultay Türk dünyasının inteqrasiyasının dönüş nöqtəsidir
Qırğızıstan Prezidenti Sadır Japarov isə müraciətində Birinci Türkoloji Qurultayın türk xalqlarının müasir inteqrasiyası baxımından əhəmiyyətinə geniş yer ayırıb.

"Türk xalqlarının tarixində yeni bir səhifə açan, Türk dünyasının yüksəlişini və ruhani birliyini təcəssüm etdirən böyük bir hadisə baş verdi. Ona görə də bu toplantının yüzilliyini Türk dünyasının sabitliyi, mədəniyyət siyasəti və inteqrasiyasının gücləndirilməsi baxımından əvəzolunmaz hadisə hesab etmək olar", – Qırğızıstan Prezidenti bildirib.
Japarovun sözlərinə görə, qurultay yalnız elm adamlarının toplantısı deyil.
"Bu möhtəşəm forum sadəcə alimlərin görüşü deyil. Bu, əsrlər boyu siyasi və coğrafi amillərin təsiri ilə bir-birindən ayrı düşmüş Türk dünyasının qarşılıqlı inteqrasiyaya, birliyə və qardaşlığa doğru atdığı tarixi dönüş nöqtəsidir", – deyə o vurğulayıb.
Qırğızıstan Prezidenti qeyd edib ki, 100 il əvvəl qurultayda qəbul edilən qərarlar bu gün də öz aktuallığını qoruyur: "Qurultayda qəbul edilmiş qərarlar, xüsusilə yazı sisteminin müasirləşdirilməsi və ortaq terminologiyanın formalaşdırılması sahəsində görülən işlər xalqlarımızın həmrəylik səviyyəsinin yüksəlməsinə və birliyə əsaslanan siyasətə uyğun şəkildə inteqrasiyasına mühüm töhfədir".
O, həmçinin müasir dövrdə Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Akademiyası kimi beynəlxalq institutların fəaliyyətinin Birinci Türkoloji Qurultayın ideyalarının davamı olduğunu vurğulayıb.
"Alimlərin uzun illər ərzində həyata keçirdiyi bu fəaliyyət bu gün müasir türk təşkilatlarının fəaliyyətində öz əksini tapır. Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Akademiyası kimi beynəlxalq institutların yaradılması siyasi, iqtisadi və mədəni əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə yüksəldib", – Qırğızıstan Prezidenti qeyd edib.
Qurultayın 100 illiyi ortaq irsə verilən dəyərin göstəricisidir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə müraciətində Birinci Türkoloji Qurultayın təkcə elmi mühit üçün deyil, bütövlükdə türk xalqlarının inkişaf tarixində xüsusi mərhələ təşkil etdiyini vurğulayıb.

"Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və ictimai həyatının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisə kimi yadda qalıb", – Şavkat Mirziyoyev bildirib.
Onun sözlərinə görə, qurultayın 100 illiyinə həsr olunmuş tədbirin keçirilməsi ortaq tarixi irsə verilən dəyərin və türk xalqları arasında əməkdaşlığın inkişafına yönəlmiş siyasi iradənin ifadəsidir.
"Türk dünyası nümayəndələri ilə birlikdə bu forumun keçirilməsini türk xalqlarını birləşdirən ortaq dəyərlərə göstərilən yüksək ehtiramın təzahürü kimi qiymətləndiririk. Bu, türk xalqları arasında dostluq və birliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi addım olacaq", – Özbəkistan Prezidenti vurğulayıb.
Prezidentlərin müraciətlərində səslənən ortaq fikir ondan ibarətdir ki, Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunmuş tədbir yalnız tarixi hadisənin yubileyinin qeyd olunması deyil, Türk dövlətləri arasında humanitar inteqrasiya, ortaq kimlik və institusional əməkdaşlığın gələcək inkişaf istiqamətlərinin müzakirə olunduğu beynəlxalq platformadir. Müraciətlərdə Azərbaycanın və Bakının bu prosesdə oynadığı rolun xüsusi vurğulanması isə ölkənin Türk dünyasında humanitar əməkdaşlığın inkişafına verdiyi töhfələrin tərəfdaş dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini nümayiş etdirir.