Bakı. Real Cəfərli - APA. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) ölkənin şimal-qərbində terror fəaliyyəti ilə məşğul olan dəstənin ifşa edildiyini açıqlayıb.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, xəbərdə onların İranda fəaliyyəti qanunsuz hesab edilən və terrorçu təşkilat kimi qələmə verilən “Komala” kürd partiyasına bağlı olduqları bildirilir.
Məlumatda İranın Qərbi Azərbaycan vilayətinin Mahabad (Soyuqbulaq) şəhərində gizli fəaliyyət göstərən dəstənin zərərsizləşdirildiyi və onun üç üzvünün həbs edildiyi də vurğulanır.
Onlar 2010-cu ilin sentyabrında Soyuqbulaq şəhərində düzənlənmiş hərbi paradı izləmək üçün toplanmış və aralarında uşaq və qadınların da olduğu kütləyə qarşı terror aktı keçirməkdə, nəticədə 12 nəfəri öldürməkdə, 40-dan çox şəxsi isə yaralamaqda günahlandırılırlar.