Bakı. Real Cəfərli - APA. “ABŞ İranla düşmənçilik aparmaqdan əl çəkəcəyi və keçmişi kompensasiya edəcəyi təqdirdə, iki xalqın gələcəyi üçün yeni şərtlər meydana gələ bilər”.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, ötən illər ərzində ABŞ-ın düşmənçilik mövqeyi səbəbindən İran xalqı bir çox problemlə dözmək məcburiyyətində qalıb: “Biz Ağ Ev rəsmilərindən İran xalqının mənafeyini pozmaq məqsədi güdən keçmişdəki mövqelərini təkrarlamamasını gözləyirik. İran xalqı ABŞ-dan qisas almaq əvəzinə, beynəlxalq arenada öz haqlarını əldə etməyə çalışır. Ona görə də ABŞ İran xalqının hüquqlarına hörmətlə yanaşmaq istiqamətində addımlar atmalı, həmçinin ölkəmizə vurduğu zərərləri kompensasiya etməlidir. Çünki xalqımızın keçmişdə olduğu kimi, indi də ABŞ xalqı ilə bir problemi yoxdur və olmayacaq da. Əgər İran xalqının bu istəkləri reallığa çevrilməsi istiqamətində addım atılarsa, gələcəkdə İranla ABŞ arasında birbaşa görüşlərin keçirilməsi üçün lazımi şəraai yarana bilər”.
H.Ruhani İranla “altılıq” ölkələri aparılan nüvə müzakirələrinə də toxunub: “Əgər “altılıq” ölkələri kifayət qədər iradəyə sahib olsalar, İranın nüvə məsələsi də həll edilə bilər. Biz İranın nüvə məsələsinin beynəlxalq qanunlar çərçivəsində nizamlanmasının tərəfdarıyıq. Yəni biz beynəlxalq qanunların tətbiq olunmasını istəyirik. “Altılıq” ölkələri də kifayət qədər iradəyə sahib olsalar, İran nüvə məsələsinin bir neçə ay içində tamamilə həll olunacağına inanırıq”.
İran prezidenti həmçinin deyib ki, Suriya böhranının hərbi yollarla və ya terrorçu dəstələrin gücləndirilməsi və silahlandırılması ilə həlli mümkün olmayacaq: “İran regiondakı problemlərdən, xüsusilə Suriyadakı böhrandan həmişə narahatlıq keçirib. Bu gün İraq, Livan, Misir və Liviya kimi bölgə ölkələri bir çox problemlə üzləşib. Problemlərin həlli üçün region ölkələri və dünya ictimaiyyətinin əl-ələ verərək terrorizmlə mübarizə aparmasının vacib olduğuna inanıram. Suriya məsələsində hər kəs problemin hərbi yollarla nizamlana bilməyəcəyini qəbul etməlidir. Amma təəssüflər olsun ki, bəzi ölkələrin açıq şəkildə terrorçu dəstələrə hərbi və maliyyə yardımı da daxil olmaqla hər cür dəstəyi verdiklərini görürük. İndiki şəraitdə Suriyada prezident seçkilərinin təxirə salınması mümkün deyil. Dinc şəraitdə seçkilərin keçirilməsi üçün lazımi şərtlərin meydana gəlməsi istiqamətində çalışmalıyıq. Onda normal seçkilərə şahid ola biləcəyimizə inanıram”.