Bakı. Real Cəfərli - APA. “İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) islahatlar aparılması zəruridir və mən quruma üzv ölkələrin xarici işlər nazirlərini bu məsələni araşdırmasını təklif edirəm”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün İƏT Xarici İşlər Nazirləri Şurasının Tehranda keçirilən XXI iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İƏT-də islahatlar bölgə və üzv dövlətlərin ehtiyaclarını qarşılayacaq səviyyədə həyata keçirilməlidir: “Bu islahatlar hüquqi, struktur, institusional və proqram sahələrini əhatə etməlidir”.
H.Ruhani deyib ki, İran regionda xalqların hüquqlarına qarşılıqlı hörmət əsasında təşkilatın fəaliyyətinin gücləndirilməsini özünün əsas prioriteti hesab edir: “Mən təşkilat çərçivəsində əməkdaşlığımızın inkişafını alqışlayıram və islahatların həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə bölgənin və üzv ölkələrin rifahını təmin etmək üçün daha geniş və dərin əməkdaşlığı görəcəyimizə ümid edirəm”.