Bank Of Baku

Tural Gəncəliyev: Lyayenin mesajları Azərbaycan-Aİ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir

Tural Gəncəliyev: Lyayenin mesajları Azərbaycan-Aİ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir
# 02 iyul 2026 13:30 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, verdiyi mesajlar Azərbaycan–Avropa İttifaqı münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev bildirib.

Tural Gəncəliyev deyib ki, səfər zamanı verilən siyasi mesajlar və əldə olunan razılaşmalar göstərir ki, tərəflər arasında əməkdaşlıq artıq yeni strateji mərhələyə qədəm qoyur: “Son aylarda Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana ardıcıl səfərləri təsadüfi deyil və bu dinamika münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu ilin əvvəlində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, daha sonra Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsinin, indi isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri onu göstərir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərə tamamilə yeni prizmadan yanaşır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, münasibətlərdə görünməmiş dinamika müşahidə olunur. Bu dinamika təsadüfi deyil, uzun illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, milli maraqlara söykənən xarici siyasətin məntiqi nəticəsidir. Ursula fon der Lyayenin Azərbaycanı açıq şəkildə Avropa İttifaqının strateji tərəfdaşı adlandırması olduqca mühüm siyasi hadisədir. Bu, Avropa İttifaqının Azərbaycana münasibətdə formalaşdırdığı yeni siyasi baxışın ifadəsidir. Son illər dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan özünü etibarlı, məsuliyyətli və proqnozlaşdırılan tərəfdaş kimi təsdiqləyib. Məhz buna görə də bu gün Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş adlandırır.Bu yanaşma onu göstərir ki, Avropa artıq Azərbaycanı yalnız enerji resurslarına malik ölkə kimi deyil, regionda sabitliyin təmin edilməsində, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasında, iqtisadi inteqrasiyanın genişləndirilməsində və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayan dövlət kimi qiymətləndirir. Deputat bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlara hörmət prinsipləri üzərində qurulduğu üçün bu əməkdaşlıq davamlı xarakter daşıyır”.

Avropa İttifaqı Azərbaycanın regional liderliyini qəbul edir

Deputat hesab edir ki, Ursula fon der Lyayenin çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri də Azərbaycanın regiondakı lider mövqeyinin açıq şəkildə etiraf olunması idi: “Avropa Komissiyasının Prezidenti bəyan etdi ki, Azərbaycan regional əməkdaşlığın inkişafında əsas rol oynayır, regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir və Cənubi Qafqazın gələcəyinin formalaşdırılmasında aparıcı aktordur. Bu, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin növbəti nümunəsidir. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik dövlətdir, regionun əsas nəqliyyat qovşağıdır, enerji təhlükəsizliyinin təminatçılarından biridir və ən əsası, yeni regional əməkdaşlıq modelinin təşəbbüskarıdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr regionun geosiyasi xəritəsini dəyişib və ölkəmizi Avropa ilə Asiyanı birləşdirən əsas körpüyə çevirib”.

Prezident İlham Əliyevin liderliyi sülh prosesinin əsas hərəkətverici qüvvəsidir

Tural Gəncəliyev qeyd edib ki, Ursula fon der Lyayenin Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulaması da təsadüfi deyil: “Avropa Komissiyasının Prezidenti açıq şəkildə bəyan etdi ki, Prezident İlham Əliyev regionda sülhün və əməkdaşlığın təşviq edilməsində şəxsi liderlik nümayiş etdirib. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının daha bir göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postmünaqişə dövründə revanşizm deyil, sülh gündəliyini irəli sürdü. Ermənistanla sülh sazişinin hazırlanması, kommunikasiyaların açılması, regional əməkdaşlıq təşəbbüsləri və iqtisadi inteqrasiyanın təşviqi məhz Azərbaycanın irəli sürdüyü konsepsiyanın əsas elementləridir. Bu gün beynəlxalq ictimaiyyət də qəbul edir ki, Cənubi Qafqazda davamlı sülhün əsas memarı məhz Azərbaycandır”.

Azərbaycan geosiyasi mövqeyini güclü infrastrukturla birləşdirən dövlətdir

Tural Gəncəliyev bildirib ki, bu gün Azərbaycanın üstünlüyü təkcə əlverişli coğrafi mövqeyi ilə məhdudlaşmır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu, beynəlxalq hava limanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu və avtomobil magistralları Azərbaycanın tranzit potensialını tamamilə yeni səviyyəyə qaldırıb. Ursula fon der Lyayenin Azərbaycanın strateji coğrafi mövqeyi ilə müasir infrastruktur imkanlarını uğurla birləşdirən ölkə olduğunu xüsusi qeyd etməsi göstərir ki, Avropa İttifaqı Azərbaycanı artıq Avrasiyanın əsas bağlantı mərkəzlərindən biri kimi qəbul edir. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz təkcə iqtisadi layihə deyil, həm də yeni geosiyasi əməkdaşlıq platformasıdır”.

Azərbaycanın strateji baxışı ölkəni qlobal tərəfdaşlıqların mərkəzinə çevirib

Deputat Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu gün dünyanın bütün əsas güc mərkəzləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa nail olduğunu qeyd eidb: “Azərbaycanın xarici siyasətinin ən mühüm üstünlüyü balanslaşdırılmış və milli maraqlara əsaslanan yanaşmadır. Bu gün ölkəmiz ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurulub. Avropa İttifaqı isə Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir. Bu, çox nadir diplomatik uğurdur. Dünyada böyük güclər arasında rəqabətin getdikcə dərinləşdiyi bir dövrdə Azərbaycanın bütün əsas siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı etimada əsaslanan münasibətlər qurması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycan heç bir geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən bütün tərəfdaşlarla milli maraqlar çərçivəsində əməkdaşlıq modelini formalaşdırıb.

Tural Gəncəliyev bildirib ki, Bakıda keçirilən yüksək səviyyəli görüşlər və səsləndirilən bəyanatlar Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini göstərir: “Bu gün Azərbaycan Avropa İttifaqı tərəfindən regionun lider dövləti, etibarlı strateji tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı, sülh gündəliyinin müəllifi və Avropa ilə Asiyanı birləşdirən əsas geosiyasi körpü kimi qiymətləndirilir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və uzaqgörən xarici siyasətin ən mühüm nəticələrindən biridir. vropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri və səsləndirdiyi fikirlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişafı üçün yeni siyasi və iqtisadi perspektivlər açır. Qarşıdakı dövrdə bu strateji tərəfdaşlıq daha da dərinləşəcək, ölkəmizin beynəlxalq nüfuzu və geosiyasi əhəmiyyəti isə daha da artacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR