Bakı-APA. Hindistan parlamentində ölkədə yeni ştatın yaradılmasına dair keçirilmiş qızğın debatlar dava ilə nəticələnib. APA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, deputatlardan biri hətta bibər qazından istifadə edib. Nəticədə, davanın səbəbkarı da daxil olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, mübahisənin təşəbbüskarı Andxra Pradeş ştatından yeni Talanqana ştatının ayrılmasını nəzərdə tutan qanun layihəsini irəli sürmüş hakim Hindistan Milli Konqresinin keçmiş üzvüdür. Bu məsələnin ətrafında qızğın mübahisələr artıq bir neçə ildir ki davam edir.
Qeyd edək ki, mübahisənin səbəbkarı Hindistan parlamentinin ən zəngin deputatıdır. Yerli KİV-lərin məlumatına görə, o, ölkənin şərqindəki müəssisələrə böyük sərmayələr yatırır və Telanqana ştatının yaranacağı təqdirdə milyonlarla itki ilə üzləşə bilər.