Bakı. Könül Cəfərli – APA. İranda “Vilayət-4” hava hücumundan müdafiə manevri davam edir. APA-nın məlumatına görə, “Hug” ortamənzilli raket kompleksi sınaqdan keçirilib.
Sistem 1979-cu il inqilabından əvvəl İrana gətirilib. Hazırda iranlı mütəxəssislər tərəfindən inkişaf etdirilərək tamamilə yerli texnologiya ilə təchiz edilən bir raketdir. Kompleks uçan cisimləri tam dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Bundan başqa, təlimlər zamanı “Orlinken” hava hücumundan müdafiə topu da sınaqdan keçirilib. 35 mm-lik sistem lazer şüası ilə hədəfi tapır və atəş açıb düşmən təyyarəsini məhv edir.
Qeyd edək ki, noyabrın 12-də İranın cənubunda və şərqində silahlı qüvvələrin geniş hərbi təlimləri başlayıb. 850 min kvadrat kilometrlik ərazidə keçirilən manevr zamanı radar, raket, rabitə, artilleriya, müşahidə və hava hücumundan müdafiə sistemlərindən istifadə edilir. Bir həftə davam edəcək təlimlərə İranın 8 min hərbçisi qatılıb. Manevrdə İran ordusunun qırıcıları, “Sepah” qırıcıları, bombardmançı “F4”, “F5”, “F7”, “F14”, “Miraj” və “Suxoy” hərbi təyyarələri, yanacaq çatdıran təyyarələr sınaqdan keçirilir. Eyni zamanda manevr zamanı İranın pilotsuz təyyarələrinin də sınaqdan keçiriləcəyi bildirilir. Noyabrın 13-də üç kiçikmənzilli raket kompleksi sınaqdan keçirilib. Bunlar yerli mütəxəssislər tərəfindən hazırlanmış “Safat”, “Ya Zəhra 3” və “Qədir” adlı raketlərdir.