Bakı. Könül Cəfərli - APA. İranda “Vilayət-4” hava hücumundan müdafiə təlimləri davam edir.
APA-nın məlumatına görə, təlimlərin dördüncü günündə “Şalamçex” (“Shalamcheh”) orta mənzilli raketi sınaqdan keçirilib. Raket şərti vuruş hədəfi olan “Kərrar” pilotsuz təyyarəsini məhv edib. I-HawkMersad raket-zenit kompleksi silsiləsindən olan bu raket yaxın məsafələrdə də istifadə oluna bilər. “Şalamçex” yüksək sürətə, gücə malik olmaqla yanaşı, düşmən radiotexnikasına qarşı da dözümlüdür. Eyni zamanda raket müasir texnologiyalarla təchiz edilib.
Qeyd edək ki, noyabrın 12-də İranın cənubunda və şərqində, 850 min kvadrat kilometrlik ərazidə geniş hərbi təlimlər başlayıb. Manevr çərçivəsində yerli mütəxəssislər tərəfindən dizayn və istehsal edilmiş “Safat”, “Ya Zəhra 3” və “Qədir” adlı kiçik mənzilli üç yeni raket, “Hug” adlı orta mənzilli raket, 35 mm-lik “Orlinken” hava hücumundan müdafiə topu və “S-200” raket-zenit kompleksi sınaqdan keçirilib.