Bakı. Real Cəfərli - APA. İran hökuməti Slovakiya vətəndaşlarının həbsinə aydınlıq gətirib.
APA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib ki, həmin şəxslər İrana turist kimi səfər ediblər: “Ancaq turist vizasına malik olsalar da, onların üzərində bəzi qeyri-adi avadanlıqlar olub. Bu şəxslər İran qanunlarını pozduqlarına görə həbs ediliblər. Hazırda istintaq aparılır və məsələnin aydınlığa qovuşması üçün iş məhkəməyə veriləcək”.
Onun sözlərinə görə, Slovakiya vətəndaşlarının həbs edilməsi haqda rəsmi Bratislavaya xəbər verilib: “Slovakiyanın İrandakı səfiri onların vəziyyətindən məlumatlıdır və Vyana Konvensiyasına müvafiq olaraq bu şəxslərlə konsulluq görüşləri keçirilib”.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi isə Slovakiya vətəndaşlarının üzərlərində qadağan olunmuş elektron cihazlar gəzdirmələrindən dolayı həbs edildiklərini deyib: “Slovakiya vətəndaşları casusluq ittihamı ilə saxlanılıblar. Çünki onların üzərindən adi vətəndaşların malik olmadığı avadanlıq tapılıb. Slovakiya vətəndaşları ölkə qaydalarına zidd davrandıqları, strateji bölgələrə girib-çıxdıqları üçün İran təhlükəsizlik qüvvələri tərəfindən həbsə alınıblar və barələrində araşdırma başlayıb”.
Slovakiya Xarici İşlər Nazirliyinin sözçüsü Boris Qandel isə həbsə alınan ölkə vətəndaşları ilə bağlı İran rəsmiləri ilə məsləhətləşmələr apardıqlarını vurğulayıb: “Biz bu fakt barədə bilirik və bütün lazımi tədbirləri görürük. Bizim İrandakı səfirliyimiz həm saxlanılmış vətəndaşlar, həm də İran tərəfi ilə birbaşa əlaqə saxlayır”.
Qeyd edək ki, üç həftə əvvəl Slovakiyanın 7 vətəndaşı İranın strateji bölgələrinin fotoşəkillərini çəkdiyi sırada casusluq ittihamı ilə həbs olunub. Slovakiya vətəndaşlarının deltaplandan İranın hərbi və sənaye obyektlərini çəkdikləri bildirilir.