Bakı. Real Cəfərli – APA. İran parlamentinin sədri hazırda ölkənin üzləşdiyi problemlərə görə Mahmud Əhmədinejadın rəhbərlik etdiyi hökumətin məsuliyyət daşıdığını bildirib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Əli Laricani deyib ki, İran həm iqtisadi, həm də beynəlxalq problemlərlə üzləşib. O qeyd edib ki, M. Əhmədinejadın 8 illik prezidentliyi dövründə İranın gəliri 600-700 milyard dollar olub: “Amma inflyasiya 40%-ə yüksəldi və indiki hökumətlə bu rəqəmi 32%-ə endirdik. Bunun səbəblərindən biri ölkədə inzibati idarəetmənin və planlaşdırmanın mövcud olmaması idi. Hökumət mütləq kollektiv düşüncə ilə idarə edilməlidir. Düzdür, bəzi problemlər əvvəldən mövcud idi. Ancaq bəziləri bunu şüarla həll etməyi düşünürdü, lakin iqtisadi problemlər özünü büruzə verdi”.
Ə. Laricani yeni hökumətin müxaliflərini də tənqid edib və onları ölkədəki vəziyyəti nəzərə almağa çağırıb.