Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad Rusiyada səfərdədir. APA-nın məlumatına görə, səfərdə məqsəd iyulun 1-2-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək təbii qaz ixrac edən ölkələrin (GECF) liderlərinin sammitində iştirak etməkdir.
M.Əhmədinejad jurnalistlərə açıqlamasında ölkələr arasındakı iqtisadi əlaqələrdə enerjinin əhəmiyyətini izah edib: “40 il əvvəl qurulan Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft bazarının təşkilində mühüm işlər görüb. Hazırda dünya səviyyəsində “mavi yanacaq” istehlakı sürətlə artmaqdadır. Ona görə də bir neçə il əvvəl qurulan GECF-lə İranın əməkdaşlığı əhəmiyyətlilidir”.
İran prezidenti bildirib ki, toplantıda təbii qazın qiyməti haqqında koordinasiyanın təmin edilməsi, qiymətlə tələbatın balanslaşdırılması kimi məsələlər müzakirə olunacaq: “Yığıncaqda bəzi fikirlərimizi bəyan edəcəyik. Zirvə toplantısından əvvəl İranın neft naziri və mütəxəssislər heyəti Rusiyada işlərini davam etdirir və yaxşı nəticələr əldə etməyi gözləyirik”.
M.Əhmədinejad həmçinin iyulun 1-də GECF liderlərinin zirvə toplantısında çıxış edəcəyini, həmin gün Venesuelanın Rusiyadakı səfirliyində mərhum prezident Uqo Çavesi anmaq üçün keçiriləcək mərasimə qatılacağını, Rusiyada yaşayan iranlılar və bir çox ölkələrin liderləri ilə görüşərək fikir mübadiləsi aparacağını, eyni zamanda televiziya proqramının qonağı olacağını bildirib.