Bakı. Könül Cəfərli – APA. İranın parlamentinin sədrinin birinci müavini, ölkə prezidentliyinə namizəd Məhəmmədrza Bahünər Azərbaycan Respublikası seçki platformasını açıqlayıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, vitse-spiker bildirib ki, İran qonşuluğundakı ölkələrlə, o cümlədən Azərbaycanla ədalətli münasibətlərdə maraqlıdır: “İran və Azərbaycan xalqlarının mədəni və tarixi keçmişi, iki ölkə vətəndaşlarının daimi səfərləri, hətta etniklərin münasibətləri, qohumluq əlaqələri, mədəniyyət və inanc məsələləri və bir çox ortaqlıqları var. Biz buna əsaslanaraq münasibətləri qurmalıyıq. Əlbəttə, zaman-zaman təhrikedici addımların olması və bəzilərinin də öz çevrələrinə böyük sözlər danışması mümkündür”.
M.Bahünər Bakıda İran əleyhinə keçirilmiş tədbirlərə də toxunub: “Azərbaycan hökuməti ölkədə baş verən hadisələrdə məsuliyyətlidir. Hətta məlumatsız olsa da belə, sonradan məlumatlı olan kimi qarşısını almalıdır. Diplomatiyanın qırmızı xəttini bir şəxs keçərsə, başqasının həmin qırmızı xətti keçməcəyini gözləmək olmaz. Dünyanın o biri başından bu regionda mənafeyi olduğunu düşünənlər var. Onlar mənafelərini region ölkələri arasında ixtilaf yaratmaqda görürlər. Bu məsələdə ehtiyatlı olmalıyıq. Bu cür siyasət qədimdən olub. Böyük Britaniya qocaman müstəmləkəçi olaraq bu işləri görürdü. Hazırda da ABŞ onun yerini alıb. Sionistlər də dünyada heç kimin qanı, malı, canı, namusu və abrına hörmət qoymurlar. Bunlar bir terrorçu və qəsbkar rejimdirlər ki, öz yerlərində oturdurulmalıdırlar”.