Bakı. Könül Cəfərli - APA. İran qaçaqmalçılığın qarşısını almaq üçün yeni mübarizə metodunun tətbiqinə hazırlaşır. APA-nın məlumatına görə, bunu İranın İstehlakçılara və İstehsalçılara Yardım Təşkilatının sədr müavini Müctəba Fərəhani bildirib. Onun sözlərinə görə, bunun üçün ölkəyə idxal olunan və bazarda satışa çıxarılacaq məhsullara mütləq nişan qoyulacaq: “Bu məqsədlə İranın Sənaye, Ticarət və Mədənlər Nazirliyinin yoxlama və monitorinq şəbəkəsi “Şəbnəm” etiketi layihəsini həyata keçirəcək. Layihəyə əsasən, ölkəyə idxal olunan məhsulların üzərinə “Şəbnəm” etiketi yapışdırıldıqdan sonra bazarda satışa çıxarılacaq”. M. Fərəhani deyib ki, layihə dekabrın 22-dən həyata keçiriləcək: “Əgər ölkəyə məhsul idxal edən bütün müəssisə və şirkətlər bu tarixdən etibarən öz məhsullarının üzərinə “Şəbnəm” etiketi yapışdırmazsa, məhsullar qaçaqmal hesab olunacaq və məhsulu idxal edən şirkətlərə qarşı cəzalar tətbiq olunacaq, eləcə də onların malları müsadirə ediləcək”.