Bakı. Real Cəfərli - APA. İran Ətraf Mühitin Qorunması və Ekologiya Təşkilatının rəhbəri və energetika naziri Urmiya gölündəki ekoloji fəlakətlə bağlı Qərbi Azərbaycan vilayətinə səfər ediblər.
APA-nın İRİB-ə istinadən məlumatına görə, Urmiya gölünün qurumasının qarşısının alınması üçün hökumətin ciddi səy göstərməsinin vacib olduğunu bildiriblər.
İranın energetika naziri Həmid Çitçian deyib ki, bundan əvvəlki hökumət Urmiya gölünü ekoloji fəlakətdən qurtarmaq üçün 24 həll yolunu araşdırıblar: “Bu həll yollarının reallaşması sahəsindəki mühüm mövzulardan biri layihənin icrası üçün lazımi mənbələrin təmin edilməsidir”.
İran Ətraf Mühitin Qorunması və Ekologiya Təşkilatının rəhbəri Məsumə Ebtekar da öz növbəsində vurğulayıb ki, hökumətin Urmiya gölünün bərpası sahəsindəki hədəfi Azərbaycan əhalisi və bütün İran xalqı arasında dinclik və razılıq yaratmaqdır: “Ümid edirik ki, bu hədəf tez bir zamanda reallaşacaq”. Vitse-prezident Urmiya gölünün bərpası sahəsində ötən illərdə görülmüş tədbirlərə də toxunub: “Ümid edirik ki, bu cür tədbirlər Urmiya gölünün Milli Parkının vəziyyətinin yaxşılaşmasına zəmin yaratsın”.
Bundan başqa, İran Meşələr, Parklar və Suvarma Təşkilatının suvarma məsələləri üzrə sədr müavini Pərviz Gərşasbi bu gün Qərbi Azərbaycan vilayətinin Təbii Ehtiyatlar üzrə Baş İdarəsinin suvarma üzrə məsul şəxsləri və ekspertləri ilə birgə yığıncaq keçirib. P.Gərşasbi deyib ki, gölün bərpasını yalnız dövlət büdcəsi hesabına təmin edilməsinə səy göstərəcəklər: “Dövlət başçılarının gölün xilas edilməsi ilə bağlı həll yolunu axtarması düzgün deyil. Əhali də bu sahədə çalışmalıdır”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub.