Bakı. Real Cəfərli – APA. İran bu il sentyabrın 24-də Buşəhr Atom-Elektrik Stansiyasını (AES) Rusiyadan təhvil alacaq. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib. O deyib ki, stansiyanın iranlı podratçıya təhvil verilməsi müddəti 14 gün çəkəcək: “Əlbəttə, AES-in iranlı podratçıya təhvil verilməsi rusların stansiyadan çıxacaqları mənasına gəlmir. Əksinə, ruslar zəmanət müddətində stansiyanın fəaliyyətində iştirak edəcəklər”.
Ə. Salehi İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasındakı nüvə danışıqlarında ölkəsindən kimin məsuliyyət daşımasına aydınlıq gətirib: “İranın beynəlxalq agentlikdəki nümayəndəsi Rza Nəcəfi nümayəndə heyətimizin rəhbəridir və İran Atom Enerjisi Təşkilatının bir qrup eksperti də onu müşayiət edir”.
Qeyd edək ki, İranla beynəlxalq agentlik arasındakı müzakirələrin növbəti turu sentyabrın 27-də Vyanada keçiriləcək.