Bakı. Real Cəfərli - APA. Ötən gün axşam saatlarında İran və Rusiya prezidentləri arasında telefon danışığı olub. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Həsən Ruhani və Vladimir Putin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda görüşdə İran və Rusiya arasında bütün sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi məqbul sayılıb, münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni yolların axtarılıb tapılması vurğulanıb.
H.Ruhani İranın nüvə məsələsində “altılıq” ölkələri ilə yekun razılaşmanın əldə olunması üçün vacib mərhələdə olduğunu bildirib. İran prezidenti həmçinin Rusiyanın “altılığ”a üzv ölkələrdən biri kimi bu məsələdə müsbət rol oynadığını deyib: “Digər üzv ölkələr də konstruktiv mövqe nümayiş etdirməklə və öz öhdəliklərini yerinə yetirməklə məsələnin sürətlə həllinə yardım göstərə bilərlər”.
V.Putin də öz növbəsində vurğulayıb ki, İranla Rusiya arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı prosesi sürətləndirilməlidir: “Mən iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün çalışacağam”. Rusiya prezidenti həmçinin İranın “altılıq” ölkələri ilə nüvə müzakirələrindəki müsbət və konstruktiv mövqeyinə də toxunaraq, bu yanaşmanın davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib: “Biz hamımız İranın nüvə məsələsi ilə bağlı yekun nəticənin əldə olunmasına çalışırıq”. Eyni zamanda Rusiya prezidenti iranlı həmkarını bu ilin sentyabrında Həştərxanda keçiririlməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə dəvət edib.
Eyni zamanda hər iki lider regiondakı son prosesləri, xüsusilə Ukraynadakı vəziyyət və onun doğurduğu nəticələr, digər regional və qlobal məsələlərlə bağlı da fikir mübadiləsi aparıblar.