Bakı. Real Cəfərli-APA. İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə tərəflər əsasən Suriyada kimyəvi silahlardan istifadə edilməsi məsələsilə bağlı fikir mübadiləsi aparıblar.
Məhəmməd Cavad Zərif bildirib ki, İran kütləvi qırğın silahlarından istifadə edilməsinin əleyhinədir: “Biz kimyəvi silahlardan istifadə edilməsini kəskin şəkildə pisləyirik. Əgər bu məsələ gerçəkdirsə, əminliklə müxalif silahlı qruplaşmalar tərəfindən törədilmiş cinayət olduğunu söyləyə bilərəm. Çünki onlar praktiki olaraq heç bir cinayətdən çəkinmədiklərini göstəriblər”.
İran XİN rəhbəri Qərbin bəzi mətbu orqanlarının kimyəvi silahlardan istifadə edilməsilə bağlı Suriya hökumətini günahlandırmalarına da toxunub: “BMT müfəttişlərinin Suriyada olduqları və ordunun silahlı qruplaşmalar üzərində qələbələr qazandığı bir şəraitdə rəsmi Dəməşqin bu kimi hərəkətlərə əl atması qeyri-mümkündur. Bu hərəkətin nəticələri Suriya böhranının genişlənməsinə gətirib çıxarır və bu da silahlı qruplaşmaların xeyrinədir. Bu hadisə Suirya hökuməti tərəfindən də pislənilib. İran bu mövzunun araşdırılması üçün Suriya ilə yaxın əlaqə saxlayır”.
Əhməd Davudoğlu isə öz növbəsində Suriyada kimyəvi silahlardan istifadə edilməsi məsələsindən narahat olduğunu deyərək, məsələnin araşdırılmasını istəyib, həmçinin Suriyadakı böhranın genişlənməsinin qarşısının alınması üçün İranla Türkiyənin məsləhətləşmələr aparmasının zəruri olduğunu vurğulayıb.