Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin yenidən başlanması üçün məsləhətləşmələr davam edir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında telefon danışıqları həyata keçirilib: “Bu gün Vyanada İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Abbas Əraqçı və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında keçiriləcək görüşdə də bu məsələ əsas müzakirə mövzusu olacaq”.
M.Əfxəm deyib ki, İranın gözləntisi Cenevrə razılaşmasının qorunması istiqamətində birgə fəaliyyət planının həyata keçirilməsi və bunun üçün günün təyin olunmasıdır.
Sözçü Avropa Birliyi xarici işlər nazirlərinin İranla bağlı bəyanatını da konstruktiv adlandırıb: “Ən qısa zamanda konkret addımların atılmasını ümid edirəm. Nüvə müzakirələri kompleks olduğundan çətin yoldan keçməsi lazımdır”.
M.Əfxəm həmçinin vurğulayıb ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 19-da Pakistana səfər edəcək: “Səfərdə məqsəd İslamabadda keçirilməsi planlaşdırılan “D-8” ölkələrinin Nazirlər Şurasının XVI toplantısında iştirak etməkdir. Yığıncaq Pakistanın sədrliyi ilə keçiriləcək. Çünki quruma 2014-cü ilədək bu ölkə sədrlik edir. İranın xarici işlər naziri səfər çərçivəsində pakistanlı həmkarı və bu ölkənin bir sıra rəsmiləri, həmçinin yığıncağa qatılacaq digər ölkələrdən olan həmkarları ilə görüşəcək”.