Bakı. Real Cəfərli - APA. İranda 11 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslardan 3 nəfəri İranın Sistan və Bəluçistan, 8-i isə Kirmanşah vilayətində edam olunub. Onlar qətl və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq asılıblar. Məhbuslardan yalnız 5-nin ad və soyadı açıqlanıb.
Belə ki, bu gün səhər saatlarında İranın Sistan və Bəluçistan vilayətində 3 nəfər Zabul şəhərinin mərkəzində əhalinin gözü qarşısında edam olunub. Onlar 2013-cü il noyabrın 6-da səhər saatlarında Zabul şəhərinin prokuroru Musa Qalənuri və onun sürücüsünü qətlə yetirməkdə təqsirləndiriliblər. Bunlar bu ilin martında edam hökmünə məhkum edilmiş Ümid Piri, İman Golavi və Əlirza Dehmərdadır. Bu cinayət işi ilə bağlı həbs olunmuş digər 10 nəfər barəsində isə hazırda istintaq davam edir.
Bundan əlavə, İranın Kirmanşah vilayətində 8 nəfər qətl və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq asılıb. Onlardan yalnız iki nəfərin ad və soyadı açıqlanıb. Bunlar Kirmanşah şəhərinin sakinləri Fərzad Salehiyan və Vəlican Nəzəridir. V.Nəzərinin də qətldə təqsirləndirilərək asıldığı məlum olub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Kirmanşah şəhərinin Dizelabad həbsxanasında icra edilib.