Bakı. Real Cəfərli - APA. İranda 8 yaşında qətl törətmiş məhbus gələn həftə edam ediləcək.
APA-nın İranın “Şərq” qəzetinə istinadən məlumatına görə, barəsində ölüm cəzası çıxarılmış məhbus on ildir həbsxanada saxlanılırmış.
İran İslam Cəza Qanunlarına görə, bir azyaşlı qətl törətdiyi təqdirdə, onun ölüm hökmünün icrası yalnız 18 yaşından sonra icra edilir. Ad və soyadı açıqlanmayan bu məhbus da artıq 18 yaşındadır və bu baxımdan ölüm hökmü icraya yönəldilib. Ancaq məhbusu bağışlamaq üçün onun qətlə yetirdiyi şəxsin valideynləri 500 milyon tümən qan pulu istəyirlər. Bu pulu toplamaq üçün iyulun 5-də axşam saatlarında Tehran şəhərinin Ərəsbaran mədəniyyət salonunda “Mavi ölümün hissi” adlı tamaşa səhnəyə qoyulacaq.