Bakı. Real Cəfərli - APA. Azərbaycanlı siyasi məhbus İran həbsxanasında bir aydan çoxdur keçirdiyi aclıq aksiyasını dayandırıb.
APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Yürüş Mehrəlibəyli (Ayət) 35 gün əvvəl, yəni aprelin 15-dən İran təhlükəsizlik orqanlarının ailələrinə və digər siyasi məhbusların ailə üzvlərinə göstərdiyi təzyiq və təhdidə etiraz olaraq belə bir addım atıb.
Azərbaycanlı siyasi məhbus İran rəsmilərinin onun Culfa şəhər həbsxanasına köçürülməsini qəbul etmələrindən sonra aclığı dayandırmağa razılaşıb. Ailəsindən Y.Mehrəlibəylinin səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir. Onun həzm probleminin olduğu, xroniki yuxusuzluqdan əziyyət çəkdiyi, xeyli arıqladığı qeyd edilir.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) Y.Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində həbs edib. O, Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvüdür. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Y.Mehrəlibəyli Tehranın Evin həbsxanası və Kərəcin Rəcayişəhr zindanı da daxil olmaqla indiyədək əsasən Təbriz Mərkəzi Həbsxanasında saxlanılıb.