Bakı. Könül Cəfərli – APA. İranın Xorasan Rəzəvi vilayətində 2 nəfər edam edilib. APA-nın məlumatına görə, təcavüzdə günahlandırılan əfqan əsilli məhbuslar aprelin 21-də səhər saatlarında Məşhəd şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər.
Ad və soyadları açıqlanmayan hər iki məhbus barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.
Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.
Xatırladaq ki, ötən həftə Şirazda 9, Kirmanda 4, Məşhəddə 4, Kərəcdə 2, Zərənddə isə 1 nəfər olmaqla 20 nəfər edam edilib. Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 14-i isə həbsxanada icra edilib.