Bakı. Könül Cəfərli – APA. İranın Kirmanşah vilayətində 4 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik qaçaqmalçılığında günahlandırılaraq dara çəkilən məhbuslardan ikisi qadındır. Üzərilərində 2 kiloqram heroin və 25 kiloqram tiryəklə tutulan və adları və soyadları açıqlanmayan məhbuslar barəsində ölüm hökmü Kirmanşah İnqilab Məhkəməsi tərəfindən çıxarılıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 22-də səhər saatlarında Dezful şəhər həbsxanasında icra edilib.
Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.
Xatırladaq ki, ötən həftə Şirazda 9, Kirmanda 4, Məşhəddə 4, Kərəcdə 2, Zərənddə isə 1 nəfər olmaqla 20 nəfər edam edilib. Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 14-ü isə həbsxanada icra edilib.