Bakı. Real Cəfərli - APA. İran müxalifətinin liderlərindən sayılan, dörd ilə yaxındır evində dustaq edilən Mirhüseyn Musəvinin qızları bir həftədir valideynlərinin sağlıq durumundan tamamilə xəbərsizdir.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, hətta onlara telefonla danışmağa da icazə verilmir.
Xəbərdə bildirilir ki, qızların narahatlığına atalarının aprelin 29-da ürəyindəki nasazlığa görə xəstəxanaya qaldırılması və angioqrafiya edilməsi, ancaq bir gün saxlanıldıqdan sonra ev dustaqlığına geri qaytarılmasıdır: “Onlar atalarının xəstəliyi ilə bağlı qabaqlayıcı tədbirlərin görülməməsindən və ürəyindəki ağrılardan narahatdırlar. Qızlar sonuncu dəfə valideynləri ilə yalnız aprelin 30-da görüşüblər və hazırda onların son durumundan məlumatları yoxdur. Həmin gündən bəri onlar bir dəfə də olsun, valideynlərinə zəng edə bilməyiblər, hətta adi salam verməkdən belə məhrumdurlar”.
Qeyd edək ki, Musəvi aprelin 29-da ürəyindəki narahatlığa görə İran təhlükəsizlik qüvvələrinin nəzarəti altında Tehranın Kardiologiya Xəstəxanasına köçürülüb və ailə üzvlərinin iştirakı olmadan angioqrafiya edilib. O, aprelin 30-da günorta saatlarında isə yenidən ev dustaqlığına salınıb və ona qızları ilə görüşə icazə verilib. Musəvi davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkir. Həkimlər onun xəstəxanada yerləşdirilməsini tələb etsələr də, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə vermir. Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub. O, həyat yoldaşı Zəhra Rəhnəvərdə birlikdə dörd ilə yaxındır ev həbsində tutulur. Eyni zamanda İran müxalifətinin digər lideri Mehdi Kərrubi də bu ilin yanvarından etibarən ETTELAAT-ın xüsusi təcridxanasından ev həbsinə salınıb.