Bakı. Real Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad iyulun 1-də Moskva şəhərində öz işinə başlamış Təbii Qaz İxrac Edən Ölkələr Təşkilatına (GECF) üzv olan dövlət və hökumət başçılarının ikinci forumunda çıxışı zamanı 4 təklif irəli sürüb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, M.Əhmədinejad bildirib ki, enerji daşıyıcıları, xüsusilə də “mavi yanacağ”ın qiymətinin müəyyənləşdirilməsində ədalətli davranışın bərabərsizlikləri aradan qaldıracağına və istismarçı dövlətlərin enerji bazarından sui-istifadə etmələrinə son qoyacağına inanır: “GECF-ə üzv olan dövlət və hökumət başçılarının forumunun keçirilməsi enerji mənbələri və enerji bazarının ədalətli şəkildə idarə olunması istiqamətində atılmış dəyərli təşəbbüsdür”.
Onun sözlərinə görə, inhisarçılıq daim ayrı-seçkiliyə, yoxsulluğa və qeyri-sabitliyə yol açır: “Təəssüflər olsun ki, inhisarçılar dünyanın enerji mənbələrinə nəzarəti öz əllərinə almaqla enerji daşıyıcılarının qiymətini öz xeyirlərinə təyin etmək, eyni zamanda öz məhsullarını istədikləri qiymətə dünya bazarına çıxarmağa çalışırlar”.
İran prezidenti vurğulayıb ki, qarşılıqlı əməkdaşlıq dünyanı və onun idarə olunmasını, xüsusilə iqtisadiyyatı inhisarçılıqdan xilas edəcək, ümumi və ədalətli iştiraka zəmin yaradacaq: “Karbohidrogen ehtiyatlarının, xüsusilə də təbii qazın böyük bir hissəsi xalqlarımıza məxsusdur. Biz kollektiv və məqsədyönlü bir əməkdaşlıq çərçivəsində öz xalqlarımızın hüquqlarını qoruya bilərik. Enerji alıcılarının onun həqiqi sahiblərindən daha artıq xeyir götürməsi doğru deyil və biz ədalət və haqqımızdan artıq bir şey istəmirik”.
M.Əhmədinejad çıxışının sonunda ölkəsinin irəli sürdüyü 4 təklifi forum iştirakçılarının diqqətinə çatdırıb: “Birincisi, müxtəlif növ qazlar üçün qiymət taariflərinin müəyyənləşdirilməsi məqsədilə ortaq bir mexanizmin hazırlanması və təsdiq edilməsi, ikincisi, GECF-ə üzv ölkələrin təbii qaz hasilatı və emalında bir-biri ilə əməkdaşlıq etmələri, elmi və texniki təcrübələrini mübadilə etmələri və ortaq və konstruktiv əməkdaşlıq mühiti yaratmaları, üçüncüsü, quruma üzv ölkələr arasında qaz sektorunun inkişafı üçün qarşılıqlı investisiyaların qoyulması və əməkdaşlıqların genişləndirilməsi və dördüncüsü, karbohidrogen ehtiyatlarına malik olmayan yoxsul və zəif ölkələr üçün münasib fürsətlərin yaradılması məqsədilə lazımi mexanizm və infrastrukturların yaradılmasıdır”.