Bakı. Real Cəfərli - APA. Bu gün İranın Kirmanşah vilayətində fövqəladə vəziyyət elan edilib, məktəblər bağlanıb.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, buna səbəb noyabrın 24-də İranın Kirmanşah vilayətinin Qəsrə Şirin şəhərində gecə saatlarında 4,5 və 5,7 bal gücündə iki, Gilan Qərb şəhərində isə səhər saatlarında 4 bal gücündə bir zəlzələnin baş verməsidir.
Məktəblər əsasən Qəsrə Şirin, Gilan Qərb və Sarpol Zahab şəhərlərində bağlanıb. Bununla belə, inzibati orqanlar və icra qurumlarda tətil edilməyib. Bundan başqa, Qəsrə Şirin şəhərinin İcra Hakimiyyəti böhranlı vəziyyətin davamı olaraq ərazidə 300 çadır belə quraşdırıb. Çünki yerli sakinlər zəlzələ səbəbindən evlərini tərk edərək, küçə və parklarda gecələməli olublar. Ancaq İran Qızıl Aypara Cəmiyyəti indiyədək dağıntı və tələfatın olmadığını açıqlayıb.