Bakı. Real Cəfərli - APA. İran Mərkəzi Bankı bu gün ölkənin xaricdə dondurulmuş neft gəlirlərinin bir milyard dollarının da hesabına köçürüldüyünü açıqlayıb.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, 550 və 450 milyon dollar məbləğində pul kütləsi də İran Mərkəzi Bankının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) şöbəsinin hesabına yatırılıb.
Qeyd edək ki, ötən il noyabrın 24-də Cenevrədə İranla “altılıq” ölkələri arasında əldə olunmuş və bu il yanvarın 20-də icraya yönəlmiş nüvə razılaşmasına əsasən İran dondurulmuş mal varlığından 4,2 milyard dollarını 6 ay ərzində 8 dəfəyə almalıdır. Yəni bu müddətdə İrana aylıq 450-550 milyon dollar arasında pul ödənilməlidir. Bu pullar 1 fevral (550 milyon dollar), 1 mart (450 milyon dollar), 7 mart (550 milyon dollar), 10 aprel (550 milyon dollar), 15 aprel (450 milyon dollar), 14 may (550 milyon dollar), 17 iyun (550 milyon dollar) və 20 iyul (550 milyon dollar) tarixlərində ödəniləcək.