Bakı. Könül Cəfərli – APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında nüvə müzakirələrinin yeri və tarixi barədə hələlik razılıq əldə olunmayıb”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, İran kütləvi informasiya vasitələri İranla AEBA arasında növbəti nüvə müzakirələrinin bu il mayın 21-də Vyanada keçiriləcəyi barədə xəbər yayıblar. Ancaq agentlikdən müzakirələrin yeri və tarixinin müəyyənləşdirilmədiyi açıqlanıb.
Xatırladaq ki, İranla AEBA arasında sonuncu nüvə müzakirələri bu ilin fevralında Tehranda keçirilib.