Bakı. Rüfət Əhmədzadə – APA. İraqın baş naziri Nuri əl-Maliki prezident Fuad Masumu Konstitusiyanı pozmaqda ittiham edib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, əl-Maliki prezidentin baş nazir vəzifəsinə yeni namizəd barədə təklifi gecikdirməsini əsas qanunu pozmaq kimi dəyərləndirib.
Malikinin üçüncü dəfə Nazirlər Kabinetinə rəhbərlik etmək niyyətindədir: “Bu gün mən prezidentin Konstitusiyanı pozması ilə bağlı federal məhkəməyə şikayət göndərəcəyəm”.
Onun çıxışından sonra baş nazirə yaxın olan xüsusi təyinatlı qoşunlar Bağdadın strateji ərazilərində yerləşdiriliblər. Polisin məlumatına görə, şiə silahlılarından ibarət dəstələr paytaxtın küçələrində keşik çəkir, “Yaşıl zona”ya (hökumət məhəlləsi) girişdə isə tank müşahidə olunub.
İraqın Daxili İşlər Nazirliyi polisə yüksək hazırlıq vəziyyətinə keçmək göstərişi verib. ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Brett Mak-Qerk isə İraq prezidentini dəstəkləyib və onu “Konstitusiyanın təminatçısı” adlandırıb. Dövlət Departamentinin sözçüsü Mari Harf da bəyan edib ki, ABŞ İraqdakı prosesləri izləyir və Konstitusiya üzərində aparılan istənilən manipulyasiyanın qarşısı alınmalıdır.