Bakı – APA. İraqın Rusiyadan silah alınmasına dair müqaviləni ləğv etməsi birmənalı olaraq ABŞ-ın Bağdada təzyiqinin nəticəsidir. APA-nın məlumatına görə, bu barədə RİA “Novosti”yə Rusiya Müdafiə Sənaye Kompleksində çalışan, adının çəkilməsini istəməyən yüksək vəzifəli əməkdaş bildirib.
“İraqın Rusiya silahlarının alınmasına müqavilənin icrasından imtina barədə bəyanatının arxasında ABŞ hakimiyyəti dayanır. Vaşinqtonun məqsədi Rusiya-İraq razılaşmalarının həyata keçirilməsinin qarşısını almaqdır”, - deyə mənbə qeyd edib.
Qeyd edək ki, bu gün məlum olub ki, İraq hakimiyyəti silah alışına dair Rusiya ilə bağlanmış müqaviləni ləğv edib. İraq hökumətinin təmsilçisi Əli Musəvi bildirib ki, 4,2 milyard dollarlıq müqavilə korrupsiya riskləri səbəbindən ləğv edilib.
“Bu müqavilə ləğv edilib. Baş nazir Nuri əl-Maliki bu ilin oktyabrında Rusiyadan dönəndən sonra onda bu sövdələşmədə korrupsiya hallarının ola biləcəyi barədə narahatlıq yaranıb. Buna görə də, baş nazir müqaviləyə bütövlüklə yenidən baxılmasına qərar verib”, - deyə Ə. Musəvi qeyd edib.
Onu sözlərinə görə, lazımi strukturlar hazırda məsələnin araşdırılması ilə məşğuldur.
İraqın baş naziri bu ilin oktyabrında Moskvada səfərdə olarkən Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığa dair 4,2 milyard dollarlıq paket sazişi imzalayıb.
Rusiya tərəfi hələlik müqavilənin ləğvini rəsmi təsdiqləməyib.