Bakı-APA. Qəzza bölgəsindən İsrailin ən iri şəhəri olan, paytaxt Tel-Əvivə iki raket zərbəsi endirilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Fələstin qruplaşması “İslami cihad” bildirib ki, “əl-Quds” briqadaları Tel-Əvivə İran istehsalı “Fəcr-5” raketləri ilə zərbə endirib. Ümumilikdə İsrailin bir necə şəhərlərinə 300-dən çox raket buraxılıb.
İsrail tərəfi Tel-Əvivə buraxılan raketlərin biri şəhərin cənub rayonuna, digəri isə dənizə düşdüyünü bildirib. Hücum nəticəsində tələfat yoxdur. Qəzzadan buraxılan raketlərin əksəriyyəti İsrailin havadan müdafiə sistemi ilə vurulub. İsrailin Kiryat-Malaxi şəhərində Qəzzadan buraxılan raket bir yaşayış binasına düşüb. Partlayış nəticəsində 3 nəfər ölüb.
Öz növbəsində İsrail hərbi-hava qüvvələri Qəzza bölgəsində 280 hədəfə zərbə endirib. İsrail müdafiə nazirliyi bildirib ki, bunlar Fələstin qruplaşmalarının raket qurğuları, təlim-məşq bazaları, hərbi sursat anbarları olub. Lakin Fələstin tərəfi bildirib ki, İsrailin hava zərbəsi nəticəsində aralarında 4 uşaq olmaqla 15
dinc sakin həlak olub.
İsrail hökuməti ehtiyatda olan 30 min hərbiçini orduya çağırıb. Bəzi məlumatlara görə, İsrail «Tsaxal» hərbi birləşməsinin bölmələrini Qəzza ilə sərhəddə yerləşdirib.