Bakı-APA. İsrailin Ali Məhkəməsi bir qrup fəalın “yəhudi” və ya “ərəb” kimi deyil, məhz İsrail milliyyətinin nümayəndəsi kimi qeydə almaq xahişini rədd edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyi belə bir milliyyətin mövcudluğunu tanımır.
21 nəfərlik qrupun üzvlərinin əksəriyyəti yəhudi kimi qəydə alındıqlarını qeyri-demokratik sayır. Onlar hesab edir ki, pasportda “milliyyət” qrafasında yəhudi sözünun yazılması ayrı-seçkilikdir.
İsrail Ali Məhkəməsi milliyyət və vətəndaşlığın müəyyənləşdirilməsi kimi məsələlərin onun səlahiyyətlərinə aid olmadığını açıqlayıb. Hakimlərin fikrincə, ayrıca İsrail milliyyətinin mövcudluğunu sübut edən heç bir dəlil yoxdur.