Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri ilə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında telefon danışığı olub. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, telefon söhbətində İranın nüvə məsələsi, bölgədə baş verən proseslər, xüsusilə Misir hadisələri və regiondakı radikalizm təhlükəsi əsas müzakirə mövzusu olub.
Məhəmməd Cavad Zərif İranın sülh məqsədli nüvə fəaliyyətindən danışaraq, yaranmış problemin həlli üçün ciddi siyasi iradənin vacib olduğunu bildirib. Onun sözlərinə görə, İran müəyyən bir zaman çərçivəsində “altılıq” ölkələri ilə məqsədyönlü müzakirələrə hazırdır: “İranın sülh məqsədli nüvə fəaliyyətlərinin rəsmi şəkildə tanınması və bu sahədə yeni fikirlərin irəli sürülməsi problemin həlli üçün yeni bir vasitə ola bilər. Ona görə də Avropa Birliyini İranın nüvə məsələsini yenidən düşünməyə dəvət edirəm”.
Ketrin Eşton isə M. Zərifi xarici işlər naziri vəzifəsinə təsdiqlənməsi münasibətilə təbrik edərək, Tehranla “altılıq” ölkələri arasında yaxın gələcəkdə yeni müzakirələrin aparılacağına ümidvar olduğunu vurğulayıb. AB rəsmisi bu ilin sentyabrında ABŞ-ın Nyu-York şəhərində keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının illik sessiyasında M. Zəriflə görüş keçirmək və qarşılıqlı maraq doğuran mövzularla bağlı müzakirələr aparılmasının məqsədəuyğun olduğunu deyib.
Görüşdə tərəflər regiondakı müxtəlif məsələləri, o cümlədən Misirdəki vəziyyəti, bu böhranın çıxış yollarını da müzakirə ediblər.