Bakı. Real Cəfərli-APA. “İran xalqının haqları və sülh məqsədli nüvə fəaliyyətləri tanınmalıdır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Onun sözlərinə görə, İranın nüvə işinin Ali Milli Təhlükəsizlik Şurasından alınaraq Xarici İşlər Nazirliyinin təsir dairəsinə keçirilməsi ilə bağlı ölkə prezidenti tərəfindən hələlik heç bir göstəriş verilməyib.
M. Zərif vurğulayıb ki, Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla telefon danışığı zamanı İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin davam etdirilməsinin zəruriliyi qeyd olunub: “Əgər qarşı tərəfin siyasi iradəsi var və səmimidirsə, nüvə məsələsinin həlli çətin olmayacaq. Çünki İran nüvə məsələsinin həllinin tərəfdarıdır. Bu məsələ sırf müzakirədən ibarət deyil”.
İran XİN rəhbəri bölgədə etnik qarşıdurmaların artmasından və Suriyada gedən proseslərdən də narahat olduqlarını deyərək, rəsmi Tehranın vətəndaş müharibəsinə gətirib çıxaracaq hər cür müdaxiləyə qarşı olduğunu söyləyib.