Bakı. Real Cəfərli - APA. İran müxalifətinin liderlərindən biri, üç ildən çoxdur ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvinin qızları Nərgiz, Zəhra və Koukəb atalarının mesajını cəmiyyətə çatdırıblar.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, onlar ailəyə yaxın “Kələmə” xəbər saytında yazıblar ki, ataları ilə sonuncu görüşləri zamanı Mirhüseyn Musəvi tövbə etmək istəyində olması ilə bağlı barəsində televiziyada yayımlanan süjetin doğru olmadığını bildirib: “Onlar məni yaxşı tanıyırlar. O zaman ki, mən ağın ağ olduğu nəticəsinə gəldim, onlar təzyiqlər yolu ilə məni ağa qara deməyə vadar edə bilməzlər”.
Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurasının (Şuraye Negahban) sədri, ayətullah Əhmədi Cənnəti noyabrın 22-də cümə namazı xütbəsində bildirib ki, fitnə başçıları olan M. Musəvi və Mehdi Kərrubi tövbə etmək istəmir və bundan imtina edirlər: “Onlar bu gün sağ qaldıqlarına görə sistemə minnətdar olmalıdırlar. Çünki sistem güzəştə getməsəydi, onlar əslində edam olunmalıydılar. Onlar hazırda ev dustaqlığında saxlanılırlar və rahatlıqları üçün lazım olan hər şeylə təmin ediliblər. Ehtiyac duyduqları vaxt da həkim gəlib, onları müayinə edir”.