Bakı. Real Cəfərli - APA. İran müxalifətinin liderlərindən biri, üç ildən artıqdır, ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rəhnəvərd qızları ilə görüşüblər.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, qızlar görüşdən sonra valideynlərinin fiziki vəziyyətinin yaxşı olduğunu bildirsələr də, ancaq analarının tibbi yardıma ehtiyacı olduğunu deyiblər. Xəbərdə qeyd olunur ki, Z.Rəhnavərd ürək döyüntülərinin artmasından və qan təzyiqindən əziyyət çəkdiyindən müalicəyə ehtiyacı var. Məlumatda vurğulanır ki, M. Musəvi qızları ilə görüşdə xalqın yaşayış səviyyəsi və iqtisadi vəziyyətlə bağlı fikirlərini bəyan edib.
Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M. Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmalarının artıq min günü tamam olub. Ailəsi İran prezidenti Həsən Ruhanidən M. Kərrubinin ETTELAAT-dan öz evinə dustaqlığa köçürülməsini xahiş edib.