Bakı. Real Cəfərli – APA. İranın Qəzvin vilayətində bir nəfər edam edilib. APA-nın məlumatına görə, 46 yaşlı məhbus narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib. Onun ad və soyadının yalnız baş hərfləri açıqlanıb. Qərar İran Ali Məhkəməsində təsdiqləndikdən sonra dekabrın 16-da səhər saatlarında Qəzvin şəhərinin mərkəzi həbsxanasında icra edilib.
Bundan əlavə, İranın Qərbi Azərbaycan vilayətində 4 nəfər edam edilib. Məhbuslar qətldə günhlandırılaraq dara çəkiliblər. Onların ad və soyadları açıqlanmayıb. Edamlar ötən həftə Urmiya şəhərinin mərkəzi həbsxanasında həyata keçirilsə də, bununla bağlı indiyədək hər hansı bir məlumat verilməyib. Məlumatda hazırda Urmiya şəhərinin mərkəzi həbsxanasında qətl ittihamı ilə bağlı edama məhkum olunmuş təxminən 170 məhbusun saxlanıldığı bildirilir.