Bakı. Rüfət Əhmədzadə - APA. Seçkisonrası mübahisələr Əfqanıstana 5 milyard dollar ziyan vurub.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu BBC-yə açıqlamasında Əfqanıstanın maliyyə naziri Ömər Zahilval deyib.
Onun sözlərinə görə, ikinci turdan sonra da qalibin müəyyənləşməməsi və bülletenlərin yenidən sayılması dövlət büdcəsinə 5 mlrd. dollara başa gəlib: “Əgər belə getsə və sentyabradək qalib müəyyən olunmasa, dövlət qulluqçularının maaşlarını kəsməli olacağıq”.
Qeyd edək ki, birinci turda irəlidə olan keçmiş XİN başçısı Abdulla Abdulla sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzayın ikinci turda maxinasiya yolu ilə qalib gəldiyini bəyan edib. ABŞ dövlət katibi Con Kerrinin məsələyə qarışmasından sonra isə BMT nümayəndələrinin iştirakı ilə bütün bülletenlərin bir-bir sayılması qərara alınıb.
Əfqanıstan prezidenti Həmid Karzay isə bildirib ki, NATO-nun Uels sammitinə qədər prezident müəyyənləşməli və inauqurasiya keçirilməlidir, çünki Uelsdə əsas müzakirə mövzusu Əfqanıstandan alyans qoşunlarının çıxarılması olacaq.