Bakı. Real Cəfərli - APA. “Rusiya S-300 PMU-1 zenit-raket komplekslərini İrana təslim etməlidir”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Mehdi Sənai bildirib.
Səfir bununla bağlı iki ölkə arasında imzalanmış müqavilənin şərtlərinin yerinə yetirilməsinin beynəlxalq qayda-qanunlar və normalara zidd olmadığını bildiyini deyib: “Biz Rusiyanın bu sistemləri İrana təhvil verəcəyinə ümid edirik. Bu məsələ Rusiya xarici işlər naziri Sergey Lavrovun İrana son səfərində də müzakirə mövzusu olub”.
Qeyd edək ki, İranla Rusiya arasında 2007-ci ildə S-300 PMU-1 zenit-raket kompleksinin satışına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya İrana 800 milyon dollar qarşılığında 5 ədəd S-300 PMU-1 zenit-raket kompleksi satmalı idi. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü sanksiya paketini qəbul etməsindən sonra Rusiya müqavilənin icrasını dayandırıb və noyabrın 7-də satışı tamamilə ləğv edib. Bu səbəbdən İran Rusiyanı beynəlxalq məhkəməyə verərək 4 milyard dollara yaxın təzminat istəyir.