Bakı. Məlahət Nəcəfova - APA. Suriyada iki Rusiya və bir İtaliya vətəndaşını qaçıran cinayətkarlar onların azad edilməsi qarşılığında pul tələb ediblər.
APA-nın vz.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumata yayıb.
“Əsirləri qaçıran cinayətkarlar onların işlədiyi “Homişo&Co.” şirkətinə zəng edərək qaytarılmaları üçün pul istəyiblər. Rusiyanın Dəməşqdəki səfirliyi dərhal Suriya tərəfi ilə danışıqlara başlayıb ki, tez bir zamanda onların azad edilməsini təmin etsin. Axtarışlar Dəməşqdə və Suriyanın başqa şəhərlərində davam etdiriləcək”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, 17 dekabr tarixində Suriyanın Homs şəhərindən Tartus şəhərinə gedən yolda naməlum şəxslər Rusiya vətəndaşları V.V.Qorelov, Abdesattar Hassun (Suriya vətəndaşlığı da var) və İtaliya vətəndaşı Mario Belluomonu oğurlayıblar. Hər üç şəxs Suriyada özəl şirkətin əməkdaşı olub.