Bakı. Şamil Əlibəyli - APA. Suriyanın Hələb şəhərində üsyançılarla hökumət qüvvələri arasında gedən döyüşlər nəticəsində 715-ci ildə tikilən və UNESCO-nun mədəni irs siyahısına daxil olan məscidə ciddi ziyan dəyib.
APA-nın “News.ru” saytına istinadən verdiyi məlumata görə, Əməvilər sülaləsi tərəfindən inşa olunan məscidin minarəsi və cənub darvazaları tamamilə dağıdılıb. Üsyançılar məscidin dağıdılmasında hökumət qüvvələrini günahlandırırlar. Hökumət isə bildirir ki, minarəni “Cəbhət ən-Nusra” hərəkatIn üzvləri partladıblar.
UNESCO-nun baş katibi İrina Bokova bu hadisəni kəskin pisləyib və hər iki münaqişə tərəfinə xatırladıb ki, Suriya 1954-cü ildə Haaqa Konvensiyası çərçivəsində münaqişə zamanı mədəni nümunələrin qorunması üzrə öhdəlikləri üzərinə götürüb.