Bakı. Könül Cəfərli - APA. Dünən İranın paytaxtı Tehran şəhərində Suriyadakı böhranın həlli məqsədilə “Şiddətə xeyr, demokratiyaya bəli” adlı milli dialoq işə başlayıb.
APA-nın məlumatına görə, müzakirələrə Suriyadan təxminən 200-ə yaxın siyasətçi, dini və siyasi liderlər, Sosial-Demokrat Partiyasının nümayəndələri ilə yanaşı, Müstəqil Gənclər Forumu, Kürd Millətçi Partiyasının, Milli Qurtuluş Cəbhəsinin və başqa siyasi partiyaların nümayəndələri, deputatlar qatılıblar. Eyni zamanda tədbirdə Braziliya, Sudan, Əlcəzair, Türkiyə, Misir, Livan və İraqın nümayəndələri, həmçinin xarici ölkələrin İrandakı səfirləri də iştirak ediblər. Görüşdə Suriya hökumətini milli barışıq naziri Əli Heydər və baş nazirin müavini Qədri Cəmil təmsil edib.
Müşavirəni İranın xarici işlər naziri Əli Əkbər Salehi açaraq çıxışında bildirib ki, İran Suriyadakı böhranı yaxından və diqqətlə izləyir və bu ölkədə sülhün, sabitliyin yenidən təmin olunması üçün əlindən gələni edəcək: “Bu tədbir də Suriyadakı böhranın həlli üçün mühüm addım ola bilər. Belə bir həssas dönəmdə dialoqun keçirilməsi Suriyanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, qanunların aliliyi, müxtəlif təbəqələrin sülh içində yaşaması, sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Biz Suriya iqtidarı və müxalifəti arasında ciddi müzakirələrin reallaşması üçün Tehranda bir katiblik açmağa hazırıq. Zorakılıq Suriyadakı böhranın həllinə kömək etməməklə yanaşı, region ölkələrinin də xeyrinə deyil. İran mövcud ixtilafların müzakirə və uzlaşma yolu ilə həllinin tərəfdarıdır. Ancaq müxalif qruplar xarici təzyiqlər ucbatından hökumətlə müzakirəni rədd edir və bəzi ölkələrdən dəstək alır. Suriyadakı tərəfləri ölkənin mənfəətini güdərək, bir an əvvəl şiddəti dayandırmağa və atəşkəsin təmin edilməsi üçün addımlar atmağa, səmimi olmağa və uzlaşma əldə etməyə dəvət edirik. İran Suriyaya sabitlik və sülhü gətirəcək hər bir səyi dəstəkləyir. Biz Orta Şərqdə təhlükəsizlik, sabitlik və sülhün tərəfdarıyıq”.
Nazirin sözlərinə görə, Suriyadakı müxalif qruplara pul və silah göndərilməsi bu ölkədəki böhranı daha da dərinləşdirir və şiddətin artmasına səbəb olur: “Bu addım beynəlxalq norma və qaydalara zidd olmaqla yanaşı, həm də təhlükəlidir. Suriyadakı müxalif qruplara pul və silah göndərilməsi vəziyyəti daha gərgin hala gətirəcək. Bu böhran zorakılıq və ya hərbi yolla həll edilə bilməz. Bu addım yalnız terrorizmin əhatə dairəsini genişləndirə bilər”.
Ə.Salehi hərbi variantın Suriyadakı problemi həll edə bilməyəcəyini, əksinə, digər ölkələrdə də böhrana və stabilliyin pozulmasına səbəb olacağını deyərək, bunun da heç kimə fayda verməyəcəyini vurğulayıb: “Təəssüf ki, xarici müdaxilə nəticəsində Suriyadakı böhran daha qarışıq hala gəlib və hazırda beynəlxalq səviyyəyə çıxıb. Bəziləri mövcud vəziyyətdən sui-istifadə edərək, öz fikir və düşüncələrini qəbul etdirməyə çalışır. Suriyadakı problemin həlli üçün islahatların tamamlanması və bütün təbəqələrin iştirakı ilə azad seçki keçirilməsi isə ayrı mövzudur. Suriyalılar öz müqəddəratlarını özləri təyin etməlidirlər. Biz Suriyaya xarici təzyiq və müdaxilələrə qarşıyıq”.
İran xarici siyasət idarəsinin rəhbəri bildirib ki, regional və beynəlxalq təşkilatlar, eyni zamanda bütün dövlətlərin Suriyadakı iqtisadi problemlərin aşılması və bu ölkəyə humanitar yardım göndərilməsi üçün hərəkətə keçmələri lazımdır: “Biz başdan bəri dialoq yolunu müdafiə etmişik. Bununla bağlı regional və beynəlxalq arenada səy göstərmişik, müxtəlif yığıncaqlar keçirmişik. Məsələn, Suriya probleminin həll məqsədilə Misir və Türkiyə ilə mütəxəssislər səviyyəsində Qahirə və Nyu-Yorkda toplantılar keçirmişik. Bundan əlavə, Suriya xalqına sağlamlıq və qida başda olmaqla humanitar yardım göndərmişik. Bu ölkədəki bütün tərəfləri bir araya gətirmək üçün də böyük səy göstərdik”.
Ə. Salehi deyib ki, Suriya diasporu yalnız öz məqsədlərini güdür və ölkədəki iqtidarı devirərək hakimiyyətə gəlmək istəyir: “Suriyanın xaricdəki müxalifəti əsla millətin maraqlarına xidmət etmir və sırf öz məqsədlərini güdür. Onların yeganə məqsədi hakimiyyəti ələ keçirməkdir”.
Qeyd edək ki, tədbir noyabrın 19-da mətbuata qapalı şəkildə davam etdiriləcək. Yığıncaq başa çatdıqdan sonra İran xarici işlər nazirinin tədbirin nəticələri ilə bağlı ictimaiyyəti məlumatlandıracağı bildirilir.