Türkiyənin Təbii Fəlakət Və Fövqəladə Vəziyyətlərin İdarə edilməsi İdarəsinin (AFAD) təşkilatçılığı ilə 35 ölkədən 64 jurnalistin bu ölkədəki İraq və Suriyadan olan qaçqınlar üçün salınmış düşərgələrə səfəri təşkil edilmişdi. Jurnalistlərin ilk dayanacağı Kahramanmaraş vilayəti oldu...
“Biz çox dəhşətli müharibənin şahidi olduq. Başımıza bombalar yağırdı. Atam öldü, bizi isə Allah xilas etdi”.
Bunu İraq türkməni olan 12 yaşlı Məhəmməd deyir. Məhəmməd anası və böyük qardaşı ilə birlikdə 3 aya yaxındır, Türkiyə hökumətinin Kahramanmaraşda saldığı qaçqın düşərgəsinə sığınıblar. Müharibə od-alovunun hisi Məhəmmədin qəlbinə hopub.
Haşiyə - Türkiyə qaçqın məsələsinə daim həssas yanaşıb. 80-ci illərdə sovet qoşunları Əfqanıstanı işğal edərkən qonşu Pakistana pənah aparan türkmən və özbəklərə də Türkiyə dövləti qucaq açmışdı.
İndi isə qayıdaq 6-cı sinif şagirdi Məhəmmədə. O, İraqın Təlafər bölgəsində gedən döyüşlərdə itirib atasını. Düşərgə həyatının çətinliklərinə baxmayaraq, Məhəmməd ümidini itirmir. Böyüyəndə qardaşı kimi müəllim olmaq istəyir.
“Uzun saçlı” və “uzun saqqallı” qorxusu...
Düşərgədə Məhəmməd kimi uşaqların sayı çoxdur. Hər birinin də öz hekayəsi var və bu hekayələrdə ana xətt müharibədir. “İŞİD” terror təşkilatının qorxusundan qaçıblar. Bu tifillər əsas düşmən hesab etdikləri “İŞİD”-çilərə “uzun saçlı” və “uzun saqqallı” deyirlər. Bu regionda ölənlərin sayı-hesabı itib. Demək olar ki, burada ölənlərin statistikası aparılmır daha. Ölüm adidən də adidur. Əsas məsələ sağ qalmaqdır. Sağ qalanların isə şükür etməkdən başqa əllərindən bir iş gəlmir.
İraq və Suriya müharibələrindən sonra Türkiyə hökuməti 3,5 milyon mühacirə qapılarını açıb. Onlardan yalnız 350 min nəfəri qaçqın düşərgələrindədir. Ümumilikdə, Türkiyədə 23 müasir tipli qaçqın düşərgəsi fəaliyyət göstərir. Kahramanmaraşda salınmış düşərgədə 23 min qaçqın yaşayır.
Düşərgənin rəhbəri Mehmet Türköz deyir ki, bu bölgəyə Suriyadan ilk qaçqınlar 2012-ci ilin avqustunda gəliblər: “Əvvəlcə onları məktəblərdə yerləşdirdilər. Daha sonra isə çadır düşərgəsi salındı. Konteynerlərdən ibarət olan bu düşərgə 2016-cı ildə tikilib. Burada 5008 konteyner var. Düşərgədə məscidlər, market, məktəb, xəstəxana fəaliyyət göstərir. 2012-2017-ci illərdə 1704 nəfər düşərgəni tərk edərək ölkəsinə, azad olunmuş ərazilərə qayıdıb”.
“Atası səhvən ölən yox, sağ qalan uşağını basdırdı”
Əcnəbi jurnalistlərin çoxluğu uşaqları çaşdırsa da, qısa müddətdə onlar başımıza toplaşdılar. Gəlişimizin səbəbi ilə maraqlandılar. “Sizdən yazı yazacağıq” - deyəndə isə bəziləri qımışdı, bəziləri sevindi, bəziləri isə qaçıb gizləndi. Jurnalistləri dövrəyə alan uşaqların hamısı Təlafərdən gəlib. Hərəsi bir jurnalistin yanında öz müharibə hekayələrini danışırdı. Balaca müsahiblər “uzun saqqallı”ların məsciddə insanları necə öldürdüyünü, bir atanın iki uşağını belində daşıyarkən birinin öldüyünü, onun isə səhvən sağ qalanı basdırdığını, qohumlarının öz avtomobilində necə vurulduğunu anladırdılar. 10-12 yaşlı uşaqların bunları görməsi, duyması müharibənin necə dəhşətli, qorxunc olduğunu göstərir.
Azərbaycan dilinə yaxın ləhcədə danışan Fatma deyir ki müharibəni görmək çox pisdir: “Müharibə insanları ev-eşiyindən didərgin salır. Biz ölkəmizi sevirik, onun üçün çox darıxırıq. Amma Türkiyəni də çox sevirik”.
Şəklinin çəkilməsinə mane olur. Bunun üçün arqumenti də var: “Atam icazə vermir. İstəmir, şəkillərimiz internetdə yayılsın”.
Evrar isə deyir ki, onun belə bir problemi yoxdur. Onun atası bu məsələdə çox demokratdır. Evrar dərhal başındakı örtüyünü açıb, müxtəlif pozalarda peşəkarlıqla obyektivlərə boylanır. Evrar polis olmaq istəyir.
Uşaqlar müəllimlərini çox sevirlər. Fürsətdən istifadə edib, müəllimlərinin onlara etdiyi hədiyyələri də bizə göstərirlər. Bəzi uşaqlar isə futbol amilinə görə ispaniyalı jurnalist Xavyerlə rahatlıqla dil tapırlar.
Düşərgədəki tibb mərkəzi və xəstəxanada 3 həkim fəaliyyət göstərir. Təkcə 2017-ci ilin ilk yarısında düşərgədəki insanlara 69 716 dəfə tibbi yardım göstərilib.
Xəstəxanaya yerləşdirilən 12 yaşlı Ufra 4-5 ay olar ki, düşərgəyə gəlib. O da tərəddüd etmədən müharibə hekayəsini danışmağa başlayır: “Əvvəl çadırda idik. Öz gözlərimlə müharibənin dəhşətlərini gördüm. Dayım oğlu, əmim qızı, hamısı öldü. Qırıcıların atdığı bombaların altında qaldılar. Mən ayağımdan yaralandım. Müharibənin qurtarmağını və evimizə qayıtmağı çox istəyirəm”.
Ufra da dərslərindən qalmır, məktəbə gedir. İngilis dili müəllimi olmaq niyyətindədir.
“Buradakı uşaqlar mənim mənəvi övladlarımdır”
Düşərgədə uşaqların ən sevimlisi polis rəisi Nihat Üstün və Qızılayın Cəmiyyətinin düşərgə üzrə nümayəndəsi Mustafa Bilicidir. Uşaqlar hər ikisini çox sevirlər. Mustafa Bilici deyir ki, buradakı uşaqlar onun mənəvi övladlarıdır: “Onların arzularını, istəklərini hər zaman yerinə yetirməyə çalışırıq. Bir gün uşaqlardan soruşdum ki, istəyiniz varmı? Hamısı dedi ki, biz avtomobilə minmək istəyirik. Birlikdə Nihat bəyin otağına basqın etdik. Dedik ki, bizi dərhal avtomobilə mindirsin. O da söz verib ki, Ramazan bayramı bitəndən sonra, onlar üçün bir avtomobil gəzintisi təşkil edəcək”.
Məktəb rəhbərliyindəki müəllimlərdən biri suriyalıdır. İngilis dili müəllimi, əslən türkmən olan Zəkəriyyə Cuma 5 il olar ki, Suriyanın Homs şəhərindən gəlib. İngilis dilini bilməsi işinə yarayıb. Elə buna görə də, onu rəhbər vəzifəyə təyin ediblər. O, əsasən koordinasiya işlərini həyata keçirir.
Düşərgələrdə insanlar yaşayış üçün tələb olunan hər bir şeylə təmin olunublar. AFAD rəhbəri Mehmet Halis Bilden deyir ki, Türkiyə dövləti mühacirlərin hər birinə qida ehtiyacları üçün ayda 100 lirə verilir. Uşaq doğulduğu gündən bu yardım təyin edilir. Elektrik, su və digər kommunal xərcləri də Türkiyə hökuməti ödəyir.
Osmaniyə
Növbəti gün səfərimiz Osmaniyə şəhərindəki Cevdetiye müvəqqəti qaçqın şəhərciyinə oldu. AFAD rəisi Mehmet Halis Bilden də bu səfər zamanı bizi müşayiət edirdi.
Osmaniyə valisi Serhat Bulut deyir ki, Cevdətiyə müvəqqəti qaçqın düşərgəsi 2012-ci ildə 2012 çadırla istifadəyə verilib: “Rayon mərkəzinin 12 kilometrliyində olan bu düşərgə əvvəlcə 10 min nəfər üçün nəzərdə tutulmuşdu. 2016-cı ildə çadır şəhərciyi konteyner şəhərciyinə çevrilib. Konteyner şəhərciyi istifadəyə veriləndə 9 min nəfər burada yerləşdirildi. 3352 konteynerin olduğu düşərgədə 5 uşaq bağçası, 4 idman meydançası, 2 tibb mərkəzi, məktəb fəaliyyət göstərir”.
Buradakı xəstəxanada türk həkimlərlə yanaşı, 3 suriyalı doktor və 8 tibb bacısı da çalışır. Xəstəxanada uşaq xəstəlikləri və doğum şöbəsi də mövcuddur. Tələb olduğu halda təcili tibbi yardım maşınları ilə xəstələri Türkiyənin digər xəstəxanalarına da köçürmək mümkün olur.
“Şəklimi çəkməyin, Bəşər Əsəd görər, Suriyadakı qohumlarıma divan tutar”
Düşərgədəki ailələrdən birinin dəvəti ilə onların “ev”ində qonaq oldum. Evin xanımı İradə Cəfər şəklini çəkmək istəyəndə üzünü bağladı. Səbəbi belə izah etdi ki, Suriya prezidenti Bəşər Əsəd birdən onun üzünü görər, Suriyadakı qohumlarıma divan tutar. İradə Cəfər bildirir ki, müharibə meydanından qaça-qaç, qovhaqovla Türkiyəyə gəliblər: “Biz Cerablusdan gəlmişik. Allah şükür olsun ki, qohumlardan ölən yoxdur. Türkiyədə özümüzü çox yaxşı hiss edirik. Amma ölkəmizə də qayıtmaq istəyərdik. Bu gün desinlər ki, Suriyaya qayıdırsınız, inanın, ayaqyalın gedərik. Vətən hər şeydən şirindir. Ərdoğan da sağ olsun ki, bizə bu gün bu şəraiti yaradıb”.
Osmaniyədəki düşərgədə də məktəb fəaliyyət göstərir. 64 sinfi, müxtəlif təhsil mərhələlərini əhatə edən məktəbdə 82 suriyalı müəllim 2 min şagirdə dərs deyir. Burada türk müəllimlər də işləyir.
“Sərhəddə gözləyən bir qaçqın belə yoxdur”
Mehmet Halis Bilden dünyanın qaçqınlarla bağlı məsələyə biganəliyindən, yardımların azlığından şikayətlənir. Deyir ki, bütün dünyanın etdiyi yardım Türkiyənin yardımların cəmi iyirmidə biridir: “Türkiyə indiyə kimi büdcədən 25 milyard dollar xərcləyib. Avropa İttifaqı ilə Türkiyə arasında 3 milyard dollar yardımın ayrılması barədə sənəd imzalanıb. Bunun ancaq 1,6 milyardı rəsmiləşdirilib”.
Onun sözlərinə görə, Türkiyə hər il büdcəsindən qaçqınların saxlanmasına 5 milyard dollar ayırır, BMT, Qırmızı Xaç Komitəsi isə Türkiyədəki qaçqınlara indiyədək cəmi 526 milyon dollarlıq yardım göstərib.
AFAD rəhbəri deyir ki, insanlıq naminə Türkiyə bütün qaçqınlara qapılarını açıb. O bildirir ki, bu gün Türkiyə sərhədində gözləyən bir nəfər belə qaçqın, yoxdur.
Bütün Türkiyə, qaçqınlar bu insanlığı dünyadan gözləyir...






















